20:40 21 May 2020 220
Ana səhifə Xəbərlər

“Nəsimi bazarı” söküləcək? – BAZAR RƏHBƏRLİYİ MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ

Meyvə-tərəvəz, ət, süd və süd məhsullarından tutmuş geyimlərin, ayaqqabıların satıldığı, hamının “Nəsimi bazarı” kimi tanıdığı ticarət obyektinin sökülməsi haqqında xəbərlər dolaşır.

APA TV xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün 80 nəfərə yaxın satıcının çalışdığı, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində yerləşən məşhur “Nəsimi bazarı”na yollandıq. Orada çalışan insanlarla həmsöhbət olduqda özlərinin də bu xəbərə mat-məəttəl qaldıqlarını bildirdilər:

- Uzun müddətdir burada çalışıram. Təqribən 30 ilə yaxındır. Müdiriyyəti hər gün görürük. Bizim haqqımızda maraqlanır. Əgər elə bir şey olsa yəqin mən də buranın işçisi kimi məlumatım olardı.

- Yox, Allah eləməsin bağlansın. Yəqin ki, müdiriyyət bir yer edib köçürər.

- Deyirlər təmir edirlər.

Ərazidə sadəcə bir sıra kiçik təmir bərpa işlərinin həyata keçirildiyini deyən bazar rəhbəri Vaqif Adıgözəlov bildirdi ki, koronavirus pandemiyası dövründə dezinfeksiya və təmizlik işlərinin həyata keçirilməsi ilə əlaqədar bazarda bir sıra işlər həyata keçirilir: “Bazarın sökülməsi ilə bağlı məlumatlar yanlışdır. Bazar sökülmür. Bazarda təmizlik işləri gedir. Gigiyenik qaydalara əməl etmək üçün, qərargahın qərarlarına riayət etmək üçün palatkada olan yerlər vardı. Oraları sökdük, təmizlədik. Təmizik işləri görmək üçün. Boş mağazalarımız vardır. Hamısını yerlədirmişik”.

Vaqif Adıgözəlov həmçinin bildirdi ki, əgər sökülmə işləri ilə əlaqədar hər hansı addımlar atılarsa burada çalışan insanlara 2-3 ay öncədən məlumat veriləcək və başqa yerlərə köçürülmələrinə şərait yaradılacaq.

Qeyd edək ki, bazarda sadəcə geyim əşyalarının satıldığı ərazidə təmir bərpa işləri həyata keçirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın