13:06 12 Avqust 2020 313
Ana səhifə Xəbərlər

Neftçalada su qıtlığını aradan qaldıracaq kəmərin tikintisi davam edir

Neftçalada içməli su qıtlığını aradan qaldırmaq üçün yeni su kəməri tikilir.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yeni kəmər Neftçala şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində çəkiləcək. Bu məqsədlə ölkə prezidentinin sərəncamı ilə dövlət büdcəsindən müvafiq vəsait də ayrılıb.

Sifarişçisi “Azərsu” ASC olan layihənin əsasında Neftçalada çoxmənzilli binaların və fərdi yaşayış evlərində yaşayan 40 min nəfərə yaxın sakin içməli su ilə təmin ediləcək.

Su mənbəyi Şirvan-Muğan qrup su kəməri olmaqla Neftçala şəhərinə özüaxımlı rejimdə suyun verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında nisbətən relyef baxımından yüksəklikdə yerləşən Babazənən dağında iri tutumlu su anbarının və anbardan Neftçala şəhərinə yeni magistral su kəmərinin çəkilişinə bu ilin may ayında başlanılıb.

Mühəndis Münasib Tağıyev deyir ki, Neftçala şəhərinin içməli su ilə davamlı və fasiləsiz təminatı layihəsi hazırda tutumu 7500 kubmetr olan su anbarının tikintisi və uzunluğu 40 km olan 560 mm diametr polietilen boru xəttinin çəkilməsindən ibarətdir: “Layihə çərçivəsində hal-hazırda qeyd olunan anbarın bünövrə tavası tamamilə inşa olunmuşdur, hazırda anbarın divar və arakəsmələrdə dəmir-beton konstruksiyaları inşa olunur. 40 kilometrlik xəttin hazırda 17 km inşa olunmuşdur. Tikinti quraşdırma işləri hazırda sürətlə davam etdirilir. Layihə işlərinin bu ilin dekabr ayının əvvəllərinə bitməsi planlaşdırılır. Məqsədə nail olmaq üçün təminat və təchizat işləri yüksək səviyyədə təşkil olunub. Tikinti quraşdırma işlərini “Azəraqrar tikinti” ASC baş podratçı qismində həyata keçirir”.

Hazırda su anbarında işlərin 30 faizindən çoxu görülüb, boru xəttində isə işlərin 46 faizi həyata keçirilib. Layihənin icrasında 150 nəfərdən çox işçi qüvvəsi çalışır. Magistral su xəttinin tikintisi başa çatdırıldıqdan sonra kəmər mövcud içməli su şəbəkəsinə birləşdiriləcək.

Qeyd edək ki, son vaxtlar havaların quraq keçməsi səbəbindən Kür çayında suyun azalması və Xəzər dənizinin çaya qarışması Neftçala rayonunda içməli və suvarma su qıtlığı yaradıb. Hazırda Neftçala şəhərində və rayonun bir sıra kəndlərində içməli su problemi müşahidə olunur. Bu səbəbdən Neftçala şəhəri, eyni zamanda 10-dan artıq kənd və qəsəbənin içməli suya olan tələbatı maşınlarla daşınan su hesabına həyata keçirilir.

Gələcəkdə Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli su, 116 km kanalizasiya şəbəkələri, 8,6 km kanalizasiya kollektoru və tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır. Yeni yaradılacaq infrastruktur hesabına gələcəkdə magistral su kəmərinin marşrutu boyu su veriləcək kəndlər də daxil olmaqla bu layihədən 80 mindən çox sakin faydalanacaq.

Əlibəy Zeynallı,

Elçin Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın