19:02 13 Fevral 2020 363
Ana səhifə Xəbərlər

Nazir müavini: “2019-cu ildə Azərbaycanın İKT gəlirləri 2,2 mlrd. manat olub”

Azərbaycanda lisenziyalar və icazələr portalının fəaliyyəti dövründə 1 500-dən çox lisenziya verilib.

APA TV-nin məlumatına görə, bunu "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda bu gün Bakıda keçirilən beynəlxalq konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, ötən il bu portalın fəaliyyəti təkmilləşdirilərək informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilib və sahibkarlara portal vasitəsilə 800-dən çox elektron lisenziya verilib: "İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyət istiqamətləri üzrə 94 xidmət göstərilir ki, bu xidmətlərdən 68-i elektronlaşdırılıb. Elektron xidmətlərdən 63-ü interaktiv, 5-i informativ xidmətlərdir. Beləliklə, 68 xidmət dövlət reyestrinə daxil edilib. 2018-ci ildə nazirlik tərəfindən göstərilən elektron xidmətlərə edilən müraciətlərin sayı 94 min olubsa, 2019-cu ildə bu rəqəm 96 minə çatıb”.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, dövlət sifarişi əsasında tələbə qəbulu planı texniki və texnoloji ixtisas qrupu üzrə 71 faiz artıb. O qeyd edib ki, builki tədris ilində bilavasitə innovasiyaların tətbiqinə yönəldilmiş texniki və texnoloji ixtisas qrupu üzrə ötən ilə nisbətən 4,3 faiz artım olub, tələbələrin sayı 10756 nəfərə çatdırılıb: “Həmin ixtisas qrupuna daxil olan informasiya texnologiyaları ixtisaslarına dövlət sifarişi əsasında qəbul planı 2,3 dəfə, o cümlədən kompüter elmləri ixtisası üzrə 1,9 dəfə, kompüter mühəndisliyi ixtisası üzrə 2,4 dəfə, kompüter texnologiyaları ixtisası üzrə 2,6 dəfə, informasiya təhlükəsizliyi ixtisası üzrə 3,9 dəfə artıb".

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib ki, 2019-cu ildə Azərbaycanda İKT sahəsində gəlirlərin həcmi 2,2 mlrd. manat olub, bu isə ÜDM-in 1,8%-ni, qeyri-neft ÜDM-in isə 2,9%-ni təşkil edir: "Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına əsasən, 2019-cu ildə dünyanın 93%-i 3G şəbəkəsi ilə əhatə olunub. Azərbaycan bu göstərici üzrə dünyanın orta göstəricisindən öndədir və ölkə əhalisinin yaşayan ərazisinin 97,1%-ni bu şəbəkə ilə əhatə olunub. Hazırda isə 4G şəbəkəsi genişləndirilir. Ümumilikdə hazırda ölkə əhalisinin 80%-i internet istifadəçiləri, 75%-i isə genişzolaqlı şəbəkə istifadəçiləridir".

Son olaraq nazir müavini qeyd edib ki, 2019-cu ildə Dünya İqtisadi Forumunun dərc etdiyi Qlobal Rəqabətlilik Hesabata əsasən, Azərbaycan hər 100 nəfərə düşən internet istifadəçilərin sayına görə dünyanın 141 ölkəsi arasında 43-cü yerdə qərarlaşıb. Bu göstərici üzrə Azərbaycan region ölkələri arasında 2-ci olub.

Elvin Paşazadə,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın