17:42 15 Sentyabr 2020 194
Ana səhifə Xəbərlər

Nazir: “Maliyyə yükü 35 mln. manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib”

Şirvanda Reabilitasiya Mərkəzinin açılış mərasimi olub.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, açılış mərasimində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müəssisədə müasir tələblərə cavab verən avadanlıqların quraşdırıldığını bildirib. Qeyd edib ki, reabilitasiya mərkəzi Şirvan və ətraf rayonlar üzrə il ərzində 500-ə yaxın əlilliyi olan şəxsə tibbi-sosial reabilitasiya xidmətləri göstərəcək.

Nazir Sahil Babayev bu ilin sonuna qədər Sumqayıt Reabilitasiya Mərkəzinin, Şağan Reabilitasiya Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra açılacağını qeyd edib.

Həmçinin Qəbələ və Şəmkirdə inşa olunan Uşaq Reabilitasiya Mərkəzlərinin açılışının da bu ilin sonuna təhvil verilməsinin planlaşdırıldığı vurğulanıb: “İlin sonuna qədər reabilitasiya xidmətləri 2 dəfə artırılaraq 28 min insana xidmət göstərəcək. Ötən il qəbul olunan sosial islahatlar paketi çərçivəsində həm əmək haqları, həm pensiyaların minimum məbləğləri, müavinət və təqaüdlər orta hesabla ölkə üzrə 2 dəfə artırıldı. Bu sosial islahat paketi 4 milyon insanı əhatə etdi. Eyni zamanda, əlilliyi olan şəxslərə digər dəstək proqramı çərçivəsində, müharibə və şəhid ailələrinə mənzil proqramı çərçivəsində təkcə Şirvan şəhəri üzrə 37 ailəyə mənzillər verilib”.

Nazirin sözlərinə görə, yeni açılan Şirvanda Reabilitasiya Mərkəzində pasiyentlərə yeni sosioloji və psixoloji prosedurların tətbiqi əlilliyi olan şəxslərin cəmiyyətə tez bir zamanda inteqrasiya olunmasına xidmət edəcək.

Nazir əlilliyin təyinatının elektronlaşdırılması ilə bağlı isə əksər işlərin artıq yekunlaşdığını deyir: “Bu gün ƏƏSMN-in vətəndaşlarla təmasda olmadan yalnız səhiyyə müəssisələrinin təqdim etdikləri “Forma 88” üzərindən qərar qəbul edilir. Bu təklifin daha da təkmilləşdirilməsi üçün və subyektivliyin aradan qaldırılması üçün həm Səhiyyə nazirliyi ilə, həm İcbari Tibbi Sığorta Agentliyi ilə aktiv işimizi davam edir ki, bütün müayinələr və epikrizlər, eyni zamanda laborator müayinələrin nəticələri də elektron qaydada nazirliyə ötürülsün ki, təkcə bir formanın üzərindən qərar verilməsin qərar qəbul olunana şəxsin son 2-3 ilinin xəstəlik tarixçəsi və onun keçdiyi bütün prosedurlar tam şəkildə görünsün ki, daha obyektiv və ədalətli qərarlar qəbul edilə bilsin”.

Nazirin sözlərinə görə, ümumilikdə 7 mindən artıq saxta əlillik ləğv edilib və onların illik dövlət büdcəsi üçün maliyyə yükü 35 milyon manatdan artıq olub. Nəzərə alsaq ki, hər il davam edən, təkrarlanan ödənişlərdir, ümumilikdə 7 min şəxsə 20 illik dövr ərzində 700 milyon ödəniş həyata keçiriləcəkdi ki, bunun qarşısı alınıb.

Nazir maddi maraq müqabilində əlillik təyinatı verməyə çalışan həm xəstəxana personalı və həm də tibbi sosial ekspertiza personalı ilə bağlı ən sərt şəkildə tədbirlərin görüldüyünü və bundan sonra da davam etdiriləcəyinə bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın