22:12 30 Sentyabr 2020 154
Ana səhifə Xəbərlər

Nazir: “Düşmən hücumu nəticəsində 9 məktəb zədələnib, 2 şagird ölüb, 1 müəllim yaralanıb”

"Hazırda təhsil sisteminin üzləşdiyi kifayət qədər mürəkkəb vəziyyət var, 14 bölgədə 420 məktəb hazırda fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırıb və ya dayandırıb".

APA TV-nin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, düşmənin aqressiyası nəticəsində mülki ərazilərə olan hücum zamanı 9 məktəb zədələnib, həmin binalar və ya ərazilər zərər görüb. 2 şagird isə düşmən hücumunun qurbanı olub, bir müəllim yaralanıb".

Nazir müəllim və şagirdlər arasında koronavirusa yoluxma məsələsinə də aydınlıq gətirib: "Siniflərdə nəzarət həyata keçirilir, müəllim və ya şagirdlərdə hərarət artanda dərsdən çıxarılır. İndiyədək 387 şagirdin, 23 müəllimin hərarəti 37 dərəcədən çox olub. Dərsdən təcrid edilən 78 şagird və 2 işçi heyəti olub. Yoluxan şagirdlərin sayı indiyə qədər 210 nəfər olub”.

Emin Əmrullayev virusun hazırda məktəbdən evə yox, evdən məktəbə gətirildiyini bildirib. O, ümumilikdə 19 sinif, bir məktəbin distant təhsilə keçdiyini, 14 gün bitdiyi üçün gələn həftə bəzi siniflərin distant təhsildən çıxacağını vurğulayıb.

Yoluxan şagirdlərlə təmasda olan şagirdlərin sayı 612, yoluxan heyət sayı 59, təmasda olan heyət sayı 76 olub: "Cəbhə bölgəsində 14 inzibati ərazi vahidinə olan məktəblərdə hərbi vəziyyətlə bağlı təhdid olarsa, fəaliyyəti dayandırılır. Yox, əgər, bu səbəbdən hər hansı risk, təhdid yoxdursa, pandemiya şərtlərinə uyğun dərslər davam edir”.

Nazir cəbhə bölgəsində 420 məktəbin fəaliyyətinin məhdudlaşdırıldığını qeyd edib.

Gündəlik yoluxmada azalma hiss olunduğunu deyən Emin Əmrullayev oktyabrın 1-dən məktəblərin iki kateqoriyada olacağını qeyd edib: "Ara məsafəsi gözləmək tələb olunur. Oktyabrın 1-dən dərslər açılır, V-IX siniflər həftədə 3 dəfə olmaqla əyani dərslərə başlayacaqlar. Əyani dərslərdə həftəlik dərs yükü 15 saat olacaq, yəni gündəlik 5 saat dərs. İnanırıq ki, 15 saat ərzində Azərbaycan dili, Riyaziyyat, İngilis dili və digər dərsləri əyani formada keçəcəyik, bəzi dərslər isə distant formada keçiriləcək. X-XI sinifləin isə oktyabrın 15-dən əyani dərslərə cəlb olunması nəzərdə tutulub".

Nazirin sözlərinə görə, ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb: “Bu təqvim ilinin sonuna qədər ali təhsilin distant təhsil formasında davam etməsi gözlənilir. 1 oktyabrdan 1-ci kurslar universitetə müraciət edə biləcəklər. Yeganə dəyişiklik distant təhsilin təşkilində müvəqqəti yaranan çətinlikdir. Ali məktəblər üçün teledərslərin təşkili də mümkün deyil, amma yenə də yaxın gələcəkdə hansısa həll yolu ilə çıxış edəcəyik”.

Təhsil naziri Emin Əmrullayev 2 həftə və ya 4 həftə sonra məktəblərin bağlanması ilə bağlı fikirlər səsləndirilməsinin əsassız təşviş yaratmaq olduğunu vurğulayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın