16:12 13 Yanvar 2021 62
Ana səhifə Xəbərlər

Müdafiə Nazirliyi Vətən Müharibəsindən tərxis edilən şəxslərə müraciət etdi

Son günlərdə səfərbərlik üzrə xidmətə çağırılmış və vətən müharibəsindən sonra müvafiq qaydada tərxis olunan bəzi vətəndaşlar, öz müraciətlərini sosial şəbəkələr vasitəsi ilə yayırlar. Bu cür halların qarşısını almaq və müraciət edən şəxslərin şikayətlərini operativ şəkildə həll etmək üçün Müdafiə Naziri Zakir Həsənovun əmri ilə Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya fəaliyyətə başlayıb.

APA TV xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazovun sözlərinə görə, bu günə qədər mərkəzə xeyli sayda vətəndaş müraciət edib: “Bu komissiya artıq 11 yanvar tarixindən, bazar günü istisna olmaqla hər gün səhər saat 9:00-dan, axşam 18:00-dək fəaliyyət göstərir. Gördüyünüz kimi bu gün də komissiya öz işindədir. Yanvarın ayının 13-ə qədər müddət ərzində 532 şəxsin müraciətinə baxılıb. Komissiyanın Füzuli rayonunda yerləşən səyyar qrupu tərəfindən isə 96 müraciətə baxılıb. Vətəndaşlara lazımı qaydada köməkdarlığın göstərilməsi üçün komissiya üzvləri bütün tədbirləri görüblər”.

Anar Eyvazov həmçinin tərxis edildikdən sonra sosial şəbəkələr vasitəsi ilə müxtəlif müraciətlər paylaşan şəxslərə də müraciət edib: “Xüsusilə bu müraciətlər anonim olduğu üçün biz həmin şəxslərə heç bir köməkdarlıq göstərə bilməyəcəyik. O şəxslərə xatırladırıq ki, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində yaradılan komissiyaya yaxınlaşsınlar və onları narahat edən hər hansı məsələni yazılı və ya şifahi şəkildə bildirsinlər. Bu məlumatlar Müzəffər Azərbaycan Ordusunun imicinə xələl gətirir və düşmən dəyirmanına su tökməkdir”.

Komissiyaya edilən müraciətlər isə müvafiq qaydada araşdırılır. Müraciət edən şəxslər hüquqi, tibbi və s. yardımlardan yararlana bilərlər:

- Müraciətim ondan ibarətdir ki, Füzuli və Cəbrayıl rayonlarında döyüşlərdə iştirakım qeyd olunub. Laçın rayonunun Sarıyataq kəndində də olmuşuq, hərbi biletimə yazılmayıb. Çox sağ olsun nazirliyin əməkdaşları bizə kömək edirlər. Qeydiyyata alınır müraciətim. Müvafiq səfərbərlik orqanlarına müraciətim göndəriləcək. Xüsusi diqqət yetirirlər.

- Hüquqi məsələ ilə əlaqədar olaraq bura müraciət etmişik. Çox sağ olsunlar, şikayətimizə baxırlar.

- Komissiyadan çox razı qaldım. Şükür ki, bu komissiyanı yaratdılar. Bəzi insanlar çalışırdılar ki, maneə yaratsınlar. Ancaq indi yaxşı ki, komissiya yaradıldı.

Qeyd edək ki, komissiya hər bir müraciət edən şəxsin probleminin həll olunacağı vaxta qədər fəaliyyətini davam etdirəcək.

Xələf Xələfov,

Əli Əkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın