12:32 27 Sentyabr 2020 1911
Ana səhifə Xəbərlər

MN rəsmisi cəbhədəki vəziyyətdən danışdı

“Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub”.

APA TV-nin məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralanan var: “Mülki infrastruktur obyektlərinə ciddi zərər dəyib. Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələri susdurulub. Mülki əhalinin təhlükəsizliyini qorumaq üçün qoşunların əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Ermənistan Silahlı Qüvvələrinin ön xətdə və cəbhənin dərinliyində yerləşən obyektləri məhv edilib”.

Mətbuat katibinin sözlərinə görə, şəxsi heyət və tank bölmələrimiz, raket artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyilə Ermənistan Silahlı Qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri, döyüş texnikasını aşkar edərək məhv edilir: “Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycanın hərbi hava qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib, ekipaj üzvləri xüsusi peşəkarlıq göstərərək helikopteri qoşunlarımızın nəzarət etdiyi əraziyə endirməyi bacarıb. Canlı itki yoxdur. Qoşunlarımız sürətlə əks hücuma davam edir”.

Müdafiə Nazirliyinin mətbuat katibi əhali arasında narahatlıq və süni ajiotaj yaratmamaq, hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər KİV nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməyən, qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırıb.

Elvin Paşazadə,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın