17:20 21 Yanvar 2020 1154
Ana səhifə Xəbərlər

Mingəçevirdə 25 yaşlı gənci güllələyən şəxs tutuldu

Mingəçevirdə 25 yaşlı gənc odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, köçkün şəhərciyinin yanında baş verib.

Magistral yolun kənarında iki nəfər arasında başlayan mübahisə daha sonra münaqişəyə çevrilib. Nəticədə, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Ziyad Ələddin oğlu Mirzəyev odlu silahdan açılan atəş nəticəsində döş qəfəsi nahiyəsindən xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Mingəçevir şəhər prokurorunun köməkçisi İsmayıl Məmmədli bildirib ki, yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Aparılmış araşdırmalarla 1996-cı il təvəllüdlü Elsevər Quliyevin yanvarın 20-si saat 18:00 radələrində Mingəçevir şəhəri ərazisində magistral yol ilə hərəkətdə olarkən idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin qarşısını kəsib avtomobildən düşərək, əlindəki odlu silahdan atəş açmaqla sərnişin qismində gedən Ziyad Mirzəyevə şəxsi münasibətlər zəminində ağır dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elsevər Quliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın