19:07 22 Yanvar 2021 146
Ana səhifə Xəbərlər

Milli kitabxanada “Nizami Gəncəvi ili” ilə bağlı təqdimatlar keçirilib

Azərbaycan Milli Kitabxanasında “Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” mövzusunda geniş kitab sərgisinin açılış mərasimi və “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı qədim əlyazmaları kitab kataloqunun təqdimatı olub.

APA TV xəbər verir ki, tədbir Prezidentin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” sərəncamına müvafiq olaraq Nizami Gəncəvi ilinin açılışı münasibətilə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə baş tutub.

Tədbirdə eyni zamanda akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının da təqdimat mərasimi keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov bu il ərzində Nizaminin əsərlərinin surətlərinin ölkəyə gətiriləcəyini deyir: "Bütün bunları Prezidentin mədəniyyətimizə, eyni zamanda, Azərbaycanı dünyada tanıdan böyük şəxslərə qiymət kimi dəyərləndirmək lazımdır. Təəssüflər olsun ki, vaxtilə Nizaminin, Füzulinin, Tusinin və bir çox başqa mütəfəkkirlərimizin əlyazmaları Azərbaycandan daşınıb aparılıb. Lakin son illər ərzində Heydər Əliyev Fondunun da dəstəyi ilə bu əlyazmaların bir çoxunun surəti Azərbaycana gətirilib. Bu il ərzində isə Nizaminin də əsərlərinin surətlərinin gətirilməsinə çalışacağıq".

Mədəniyyət naziri Anar Kərimov isə bildirib ki, Nazirlik və Milli Kitabxana Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir, “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatı klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq elektron və kağız nüsxələrinin gətirilməsi layihəsini həyata keçirir: "Bu kataloqda əksini tapan bir sıra əlyazmaların, o cümlədən Nizami Gəncəvinin “Xəmsə”sinin XIV-XV əsrlərə aid ən qədim əlyazmalarının də adı var. Çox təəssüf ki, onların əksəriyyətinin bu günədək Azərbaycanda və dünyada nəşr olunan əlyazma kataloqlarında adı yoxdur, bu səbəbdən də alimlərimiz və mütəxəssislərimiz tərəfindən tədqiq olunmayıb. İnanıram ki, Milli Kitabxanamız bu kataloqda əhatə olunan əlyazmalarının elektron surətlərinin Azərbaycana gətirilməsinə nail olacaq və onları mütəxəssislərimizin istifadəsinə təqdim edəcək".

Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva isə 2021-ci ili bütövlükdə Azərbaycan mədəniyyəti ili kimi dəyərləndirib: "Çünki bu il "Nizami ili" ilə yanaşı, eyni zamanda, Şuşada Xarıbülbül Festivalı, Vaqif Poeziya Günləri keçiriləcək. Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək. Bu gün Nizaminin öncə gənclərimizə tanıdılmasına böyük ehtiyac var. Bu baxımdan bugünkü tədbirdə təqdim olunan kitablar böyük əhəmiyyət daşıyır. Oksford Universitetində Nizami Mərkəzinin yaradılması və Bertelsin "Böyük Azərbaycan şairi Nizami" kitabının ingilis dilində çapını Nizami irsinin tanıdılmasında mühüm addım hesab edirəm".

Sonra Xalq yazıçıları Elçin, Kamal Abdulla, Milli Məclisin deputatı Nizami Cəfərov və digər qonaqlar çıxış edərək "Nizami ili"nin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Tədbir Xalq artisti Məleykə Əsədova və Əməkdar artist Elşən Rüstəmovun Nizaminin yaradıcılığından şeirlər səsləndirilməsi ilə davam edib.

İslam Qədirli,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın