20:00 07 Noyabr 2019 26
Ana səhifə Xəbərlər

Milli Kitabxanada BDU-nun 100 illiyi qeyd olunub

Azərbaycan Milli Kitabxanasında Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

APA TV-nin məlumatına görə, tədbirdə Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, BDU-nun rektoru Elçin Babayev, universitetin professor və müəllimləri iştirak ediblər.

Tədbiri açıq elan edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb. O deyib ki, 100 il keçsə də Bakı Dövlət Universitetinin adı, onun yetişdirdiyi şəxsiyyətlərin Azərbaycan üçün gördüyü işlər, təhsilimizdə qoyduğu izlər yaddaşlardan silinməyəcək: “BDU-nun 100 illiyidir. Mən elə bilirəm ki, ulu öndər Heydər Əliyev nahaq yerə bu universiteti Azərbaycan xalqının milli sərvəti adlandırmayıb. Çünki Azərbaycan xalqının tarixində həmişə BDU-nun yetişdirdiyi kadrlar, onun alim və ziyalıları mühüm əhəmiyyətli rol oynayıblar. Mən elə bilirəm ki, bu universitet Xalq Cümhuriyyətinin ən gözəl yadigarlarından biridir. BDU Azərbaycan elminin, təhsilinin flaqmanıdır. Bu gün Azərbaycanda öndə gedən universitetlərin əksəriyyəti BDU-nun şinelindən çıxıb, ondan qidalanıb və bu gün də Azərbaycanın ictimai həyatında fəal rol oynayırlar”.

Çıxış edənlər Bakı Dövlət Universitetinin 100 illik tarixi və fəaliyyətindən, Azərbaycanda sovet hökumətinin yeni qurulduğu dövrdə universitetin fəaliyyətinə mane olan hadisələrdən, Heydər Əliyevin birinci hakimiyyəti dövründə universitetə göstərdiyi diqqətdən danışıb, universitet kollektivini yubiley münasibətilə təbrik ediblər.

Tədbirin sonunda Bakı Dövlət Universitetinin keçdiyi yolu özündə əks etdirən video-çarx nümayiş olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın