06:40 11 Oktyabr 2019 116
Ana səhifə Xəbərlər

Məzahir Pənahov: “Heç bir ölkədə ideal seçki prosesi mümkün deyil”

“Bu il dekabrın ikinci yarısında Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Hazırda ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15 mindən artıq üzvüz seçilməsi gözlənilir”.

APA TV-nin məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki komissiyalarının sədrləri üçün keçirilən geniş müşavirədə qurumun sədri Məzahir Pənahov deyib.

O bildirib ki, dünyanın heç bir yerində ideal seçki prosesinin getməsi mümkün deyil və istənilən ölkədə seçici siyahılarında çatışmazlıq var. Bu səbəbdən prosesdə nöqsanların olmasından heç kim sığortalanmayıb.

Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində 37077 namizədin iştirak etdiyini qeyd edib. Bildirib ki, bir bələdiyyə üzvü yerinə orta hesabla 2 nəfərdən çox namizəd irəli sürülüb: “Seçicilərimizin bələdiyyə orqanlarına marağının artması nəticəsində seçilmiş bələdiyyə üzvləri arasında ali təhsillilər 89,8 faiz təşkil edib ki, bu rəqəm 2004-cü ildə 34 faiz idi. Qadınların faizi 35 faiz idi. 2004-cü ildə isə cəmi 4 faiz olub. Gənclər 36,4 faiz seçilib. Bu rəqəm 2004-cü ildə cəmi 2 faiz olub”.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə qeyd edib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericilik bazası demək olar ki, tamamlanıb: “Biz hələ tam olaraq qanunda nəzərdə tutulan məsələlərin həllinə nail ola bilməmişik. Nəyə görə? Ümumiyyətlə, bələdiyyələr fəaliyyətini qurmaqdan ötəri gərək onların maliyyə imkanları olsun. Bundan əlavə, dövlət tərəfindən büdcədən dotasiya da ayrılır. Bu ildən başlayaraq ilk dəfə subvensiya da ayrılıb”.

Komitə sədri həmçinin söyləyib ki, bələdiyyələrdə əsas problemlərdən biri də vergilərin tam yığılmamasıdır. Çünki...

“Bir çox bələdiyyələr indiyə kimi onların mülkiyyətində olan torpaqları bilmirlər. Bu, çox böyük əmək tutumlu prosesdir”.

Dotasiya məsələsinə də toxunan deputat bu il bələdiyyələrə dotasiyaların fərqli qaydada və imkanları məhdud olan bələdiyyələrə veriləcəyini deyib.

Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov seçkilərin keçirilməsi prosesində prokurorluq orqanlarının qanunla müəyyən edilmiş funksiya və vəzifələri olduğunu deyib: “Bunlar ilk növbədə prokurorluq tərəfindən seçkilərdə iştirak edən vətəndaşların seçki hüquqlarının təmin olunması, qanunla müəyyən edilmiş hallarda seçkidə iştirak etmə hüquqlarının və seçki qanunvericiliyinin tələblərinin pozulmasına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prokurorluğu MSK və digər seçki komissiyaları ilə səmərəli şəraitdə əməkdaşlıq etməklə qanunla üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır”.

Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov bildirib ki, Azərbaycan daxili işlər orqanları qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşır: “Əvvəlki illərdə olduğu kimi, Daxili İşlər Nazirliyinin (DİN) müvafiq xidmətləri MSK-nın aparatı ilə sıx əməkdaşlıq şəraitində iş birliyi quracaq və bu sabitliyin təmin edilməsi üçün birlikdə dairə seçki komissiyalarını, məntəqə seçki komissiyalarını narahat edən bütün məsələlər vaxtında və operativ şəkildə həll ediləcək”.

Ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib ki, bələdiyyələrdə qanunçuluğa əməl olunmasında onların fəaliyyətinə nazirlik tərəfindən həyata keçirilən inzibati nəzarət səmərəsini verməkdədir: “Axırıncı bələdiyyə seçkilərindən sonrakı dövr ərzində inzibati nəzarət qaydasında 311 mindən çox bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 8 mindən çox aktın qanunla müvafiq olmadığı müəyyən edilərək, onlar ləğv edilib və yaxud dəyişdirilib, 22500 hektardan çox qanunsuz verilmiş torpaq sahələri bələdiyyələrə qaytarılıb”.

Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev məhkəmə araşdırması zamanı ən çox problem doğuran məqamın seçici imzalarının düzgünlüyünün yoxlanılması olduğunu vurğulayıb. Qeyd edib ki, bu, bütün seçki ərəfələrində olub.

Tədbir çıxışlarla davam edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın