19:25 23 Sentyabr 2020 255
Ana səhifə Xəbərlər

Məktəb direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Bu ilin 28 sentyabr - 2 oktyabr tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyindən APA TV-yə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər 28 sentyabr tarixindən miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin rəhbəri Eşqi Bağırov deyir ki, ilkin mərhələ sənəd qəbulundan ibarətdir: “Bu gün Təhsil Nazirliyi tərəfindən imzalanan əmrə əsasən, 28 Sentyabr tarixindən başlayaraq direktorların işə qəbulu üzrə müsabiqənin ilkin mərhələsinə start verilib. İlkin mərhələ sənəd qəbulundan ibarətdir. Bu proses elektron formada həyata keçiriləcək. Bu mərhələdə namizədlər elektron qaydada müraciət edərək, müsabiqədə iştiraklarını təsdiq edəcəklər. Test imtahanları oktyabr ayının ilk yarısında həyata keçiriləcək”.

Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.

Namizədlər yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər.

Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Eşqi Bağırov müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci turunun da başa çatdığını bildirib. Onun sözlərinə görə, yekun nəticələrə əsasən 1300 nəfərdən çox namizəd uğur qazanaraq vakant yerlərə sahiblənə biliblər.

Xələf Xələfov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın