04:00 07 Aprel 2020 239
Ana səhifə Xəbərlər

Məcburi köçkün ailəsi evsizlikdən əziyyət çəkir

“İndiki vəziyyətdə mən kiməm? Aciz ata, aciz ailə başçısı deyilən bir insan”.

Hüseyn Haxverdiyev özünü aciz ailə başçısı hesab etməkdə haqlı səbəbləri olduğunu deyir. Övladlarının qarınlarını doyura bilməməsi, isti evinin olmaması onu ailəsi qarşısında gözükölgəli edir.

Əslən Cəbrayıl rayonundan olan Hüseyn hələ uşaq yaşlarından Qaradağ rayonu ərazisində məcburi köçkün kimi yataqxanalarda yaşayıb. Yeni ailə qurandan sonra Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi Əcəmi Naxçıvani-119 ünvanında məskunlaşıb. Bu gün işsizlikdən və evsizlikdən şikayətçidir: “Mən evimdə iki əsgər böyüdürəm bu ölkəm üçün. Niyə mənim uşaqlarım makaron, vermişel yeməlidirlər? Onlar da sağlam böyüməlidirlər axı. Mən də istəyirəm mənim uşaqlarım hamının övladı kimi ət, yağ, bal yeyib böyüsünlər. Əməkhaqqı yaxşı olsun, ailəmi dolandıra bilim. Ailəmin yanında üzüağ olum. İş nə iş olur, olsun. Mən bacardığım ən ağır işlərdə də işləməyə razıyam, təki uşaqlarımı dolandıra biləcək maaşım olsun”.

Hüseyn Haxverdiyev deyir ki, hazırda yaşadığı bir otaqlı yarım qaranlıq bu mənzil vaxtilə Gərayzadə adına yataqxananın qazanxanası olub. Bir neçə il öncə bura istifadəsiz olduğundan, ailəsi ilə bərabər sözügedən yarımtikiliyə yerləşib. O vaxtdan ümidlə buradan da köçəcəkləri günü gözləyirlər: “Qaçqınkom”a ev almaq üçün müraciət etmişəm. Sədr müavininin qəbulunda olmuşam. Dedi, komissiya gəlib yaşadığın yerə baxıb qiymət verəcək. Yaşadığım yer budur, hamının gözü qarşısındadır. Rütubətli, pəncərəsiz yerdə yaşayırıq illərdir”.

Hüseynin böyük oğlunun üç, kiçiyin isə 2 yaşı var. Deyir, rütubətli yerdə yaşamaqdan onun ailə üzvlərində xəstəliklər də yaranıb. Mənzilin şəraitsizliyi səbəbindən uşaqları tez-tez xəstələnir. Sonuncu dəfə pnevmoniya xəstəliyinə tutulan uşaq aylarla müalicə olunub. Hələ bu azmış kimi, həyat yoldaşı da onkoloji xəstəlikdən əziyyət çəkir: “Həyat yoldaşımda da onkoloji xəstəlik əmələ gəlib. Hələ ki, ilkin mərhələdədir, dərman, maz çəkirik, amma ciddi müalicəyə hələ ki, imkanımız çatmır. Bir tərəfdən də rütubətdən, nəmlikdən uşaqlar xəstədir. Baxın, neçə sinəsi xırıldayır”.

APA TV məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib. Müraciətimiz əsasında müvafiq araşdırma aparılıb. Nəticədə müəyyənləşdirilib ki, Hüseyn Vidadi oğlu Haxverdiyev 1988-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. Atası – Vidadi Mehdi oğlu Haxverdiyev Cəbrayıl rayonunun Dağtumas kəndindən məcburi köçkündür. Hüseyn Haxverdiyev 31 may 2017-ci ilədək anası Nəzərova Gülnarə Hüseyn qızı ilə birlikdə Horadiz qəsəbəsində qeydiyyatda olub.

Valideynləri arasında nikah 18 may 2017-ci ildə rəsmiləşdirildikdən sonra - 31 may 2017-ci il tarixdə o, Cəbrayıl rayonunun Dağtumas kəndində qeydiyyata düşüb. 2018-ci ildən isə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi-119 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır.

1994-cü ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən sonra Horadiz şəhərində bərpa işləri aparılıb, yerli sakinlərin öz evlərinə qayıtmasına şərait yaradılıb. Həmin vaxt Hüseynin anası ilə birlikdə faktiki qeydiyyatda olduğu fərdi ev də bərpa olunub.

Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.4.1. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri bu kateqoriyadan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayanlara verilir.

Mövcud qaydalara əsasən, Hüseyn Haxverdiyevə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondundan yaşayış sahəsinin verilməsi nəzərdə tutulmur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın