11:08 30 Noyabr 2020 405
Ana səhifə Xəbərlər

Mayor Aqşin İbadov: “Ağlama, ya qayıdaram, ya da şəhid olaram, ölmərəm ki...” - REPORTAJ

Cavan ömrüm bu dağlarda gedibdir,

Mən bu ömrü kimin üçün yaşadım?

Həyat qısa, ömür qısa, gün qısa,

Mən bu ömrü sənin üçün yaşadım.

Bu şeirin adı “Ana Vətən”dir. Belə vətənpərvər misralar onun nəinki şeirlərində, həm də qeydlərində, hətta təbrik mesajlarında xüsusi yerini tapıb. Söhbət 36 yaşlı şəhid mayor Aqşin İbadovdan gedir.

APA TV-nin cənub bürosunun xəbərinə görə, Lənkəranın Boladi kəndində yaşayan İbadovlar ailəsində 4 hərbçi böyüyüb.

Ailənin başçısı Nizami İbadov Aqşini Tanrının möcüzə payı hesab edir: “Çox möcüzə idi bu uşaq. Özündən əvvəlki qardaşlarının yolu ilə gedərək Ali Hərbi Məktəbə daxil oldu, yüksək qiymətlərlə qurtardı. Həmişə cəbhə bölgələrində xidmət edib. Hərbi Akademiyaya yüksək balla qəbul oldu. Əvvəl burada oxudu, sonra isə rəhbərlik onu Türkiyəyə göndərdi. Hərbi kəşfiyyat zabiti idi. Xidmət elədiyi illərdə daim qüsursuz xidməti ilə fərqlənirdi”.

Atasının sözlərinə görə, Aqşin İbadov əsgərlərinə öz doğması kimi yanaşıb həmişə: “Deyirdi ki, zabit, komandir gərək əsgərin həm atası, həm anası, həm qardaşı, həm bacısı olsun, həm də əsgərdən tələb eləsin. Qayğı göstərməsən, əsgəri mənəvi-psixoloji cəhətdən yönəltməsən, onu qarşıda qoyulan vəzifələri yerinə yetirmək üçün psixoloji cəhətdən yetişdirməsən, ondan müvəffəqiyyət gözləmək çox çətin olacaq, ona görə həmişə əsgərlərə qayğı göstərirdi”.

Bu qayğının nəticəsi idi ki, şəhidimizin hətta 10 il əvvəlki keçmiş əsgərləri də gəlib yas mərasimində iştirak etməyi özlərinə borc biliblər. Şəhidin qardaşı Emil İbadov deyir ki, indi də müxtəlif bölgələrimizdən döyüş yoldaşları qəbrini ziyarət etməkdədirlər: “Aqşin çox alicənab insan olub, bunu tək mən demirəm, bütün yaxınları, hətta döyüş yoldaşları da dəfələrlə bunu təkrarlayıblar ki, belə adət eləmişik, belə görmüşük ki, hərbçi peşəsi şərəflidir, amma hərbçinin dilində bir az kobudluq, başqa sözlər olur. Amma bu insanın ağzında etikadan kənar heç bir söz olmayıb, bunu öz hərbçi dostları dəfələrlə təkrarlayır”.

Şəhidin qardaşı Emil İbadov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Deyir ki, torpaqlarımızın işğal olunması Aqşinin fikrini hərbə yönəltmişdi. Lakin bu fikir ailədə elə də bəyənilməmişdi, çünki 4 oğuldan üçü hərbçi idi və istəyirdilər ki, heç olmasa, qardaşlardan biri mülki işlə məşğul olsun, ata ocağında qalsın. Buna baxmayaraq, Aqşin israrla öz istəyindən dönməyib: “Çox böyük nailiyyətlər əldə etdi. Qısa ömründə 36 yaşında, bəlkə bizim eləmədiklərimizi, çoxlarının əldə edə bilmədiklərini əldə elədi. Nə deyə bilərik? Bu zəfər olmalı idi, bu, bizim xalqımızın sınmış qürurunu özünə qaytardı, ləkələnmiş namusumuzu bərpa elədi, yəni Aqşin kimi oğulların sayəsində oldu bu. Bu gün biz yalnız onunla təsəlli tapırıq ki, bu böyük yolda şəhid olub”.

Atası Nizami İbadov deyir ki, oğlu Füzulidə, Hadrutda, Cəbrayılda döyüşüb: “Sonra yenidən 50 nəfərlik qrupun başçısı kimi Hadruta qayıdıb. Yoldaşlarının dediyinə görə, biz yalnız onun şücaəti, rəşadəti sayəsində salamat qaldıq. Ömrümüzün qalan illərini yaşayırıq, ona borcluyuq. O, bizi xilas elədi”.

19 oktyabr tarixi qəhrəman kəşfiyyatçımızın ömür yolunun sonuncu günü olur. Özündən sonra qəhrəmanlığı, şərəfli döyüş yolu və Zeynəb adlı gözəl bir qız övladı yadigar qalır: “30 sentyabrda cəbhəyə yollandı, həmin vaxt qızımız 14 günlük idi. Gedəndə qızımızla otaqda tək sağollaşdı. Yanına getmək istədim, dedi ki, “Yox, mən qızımla tək danışıram”. Qapıdan çıxanda da mən ağladım, pis oldum. Dedi ki, “Ağlama, ya qayıdaram, ya da şəhid olaram, ölmərəm ki...”

Həyat yoldaşı Məhsəti xanım bizimlə Aqşinin xüsusi bir qeydini paylaşdı. Bu qeyd toylarından bir neçə gün əvvəl yazılıb: “Mənim qəlbimdə sənə qarşı tükənməz sevgi var. Mən səni sevirəm. Amma bu mənim dəyişəcəyim anlamına gəlməz. Çünki mən “kimsə məni sevəcək və kimi isə sevdiyim üçün dəyişəcəyəm” demirəm. Bu, saxtakarlıq olar. Amma sənin üçün hər cür fədakarlıq edəcəyəm. Fədakarlıq isə Vətənindən dönmək deyil. Çünki vətənindən üz döndərən kişi zamanı gələndə hər şeyindən vaz keçər”.

Məhsəti İbadova deyir ki, Aqşin telefonuna hər şey qeyd edirdi: “Ümumiyyətlə, həyatında olan xüsusi günləri. Şəhid olduğunu biləndə də dedim mütləq telefonu tapılmalıdır. Çünki bilirdim ki, telefonda mənə nəsə qeyd eləyib. Orada da yazıb ki, “içimdə bir narahatlıq var, həyatımda hər şey o qədər mükəmməldir ki, hiss eləyirəm ki, başqa bir şeylər olacaq. Amma şəhadətə könül rahatlığı ilə addımlamağa hazıram, çünki bilirəm ki, qızımı əxlaqlı, imanlı böyüdəcək həyat yoldaşım var. Axırda da yazıb ki, “Məsi, Allaha əmanət ol”. Hətta qızımız dünyaya gələndən sonra deyirdim ki, Aqşin bütün arzularına çatdın da, deyirdi ki, yox bir arzum qalıb. Bilirdim ki, şəhid olmağı deyir”.

Qəhrəman şəhidimizin üzərindən qızına yazdığı məktub da tapılıb. O məktubu böyüdükdən sonra Zeynəb özü oxuyacaq, cəsur atası ilə həmişə fəxr edəcək.

Tural Kərimov

Rövşən Əzimov

APA TV Lənkəran

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın