17:00 19 Aprel 2021 101
Ana səhifə Xəbərlər

Masallıda şəhid əsgər Nurlan Əbilov dəfn edilib

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Nurlan Əbilov Masallıda dəfn edilib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, 26 yaşlı şəhidimizin nəşi Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin övladına təhvil verib.

Şəhidin əmisi Nicat Əbilov deyir ki, qardaşı oğlu Füzuli-Xocavənd istiqamətində yaralanıb: “Oktyabrın 8-də yaralanıb. Füzuli- Xocəvənd istiqamətində baş nahiyəsindən güllə yarası alıb. O, gündən koma vəziyyətində idi. Bu gün eşitdik şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bizim şəhidimizdə onun içində olmaqla. Vətən sağ olsun”.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov Prezident İlham Əliyevin qismən səfərbərlik haqqında elan etdiyi sərəncamla ordu sıralarına çağırılmışdı. O, Vətən Müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdı və aylardır ki, komada idi. Şəhidimiz bu gün səhər saatlarında müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilən şəhidimiz ailəli idi, Amin və Fərrux adlı iki övladı var.

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın