04:40 04 May 2018 1703
Ana səhifə Xəbərlər

Lerikdə iri və xırdabuynuzlu heyvanların peyvəndlənməsinə başlanıb

Lerikdə iri və xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvəndləmə işlərinə başlanılıb.

APA TV-nin cənub bürosunun xəbərinə görə, artıq 500 baş iribuynuzlu, 1200 baş isə xırdabuynuzlu heyvan peyvəndlənib.

Lerik rayon Baytarlıq İdarəsinin rəisi Gülmirzə Tağıyevin sözlərinə görə, ümumilikdə 6 500 baş iribuynuzlu mal-qaraya, 29 min baş xırdabuynuzlu heyvana vaksin vurulacaq: "Əsasən xırdabuynuzlu və iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı tədbirlər aparırıq. Gözə damcı tökülür və 4 ilə qədər immuniteti artırır".

Lerikdə vaksinasiya işlərini rayon ərazisindəki 23 baytarlıq məntəqəsinin 46 baytar mütəxəssisi həyata keçirir. Görülən bütün işlərdən təsərrüfat sahibləri də razıdır: "Peyvəndlərin vaxtında aparılması nəticəsində heç bir ciddi xəstəliyə rast gəlinməyib. Təsərrüfatımda 20 baş iribuynuzlu, 20 baş xırdabuynuzlu heyvanım, 21 arı ailəsi var. İldə iki dəfə - yaz və payızda gəlib nümunələr götürüb müalicə edirlər".

Heyvanlar arasında yayıla biləcək xəstəliklərə qarşı peyvəndləmə işləri bununla bitmir. Gülmirzə Tağıyev deyir ki, bu günə qədər rayonda qarayara, dabaq və nodulyar dermatitə qarşı da peyvənd vurulub: "Birinci olaraq iribuynuzlularda qarayara, 41 200 başa yaxın qaramalda, 115 min baş xırdabuynuzlu heyvanda qarayaraya vaksin artıq başa çatıb. Dabaq xəstəliyinə qarşı iribuynuzlu heyvanlarda 41 min başda, xırdabuynuzlu heyvanlarda 58 min başda peyvəndləməni başa çatdırmışıq. Nodulyar dermatitə qarşı 29600 baş iribuynuzlu heyvana vaksin vurulub".

Lerik rayonunda xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı kütləvi peyvəndləmə prosesinə mayın sonunda yekun vurulacaq.

Müəllif | Apa.Tv

Elvin Bayramlı

Kodu kopyalayın