18:00 09 Noyabr 2019 223
Ana səhifə Xəbərlər

Lənkəran sakini həyətində quş zooparkı yaradıb

Tovuzquşu, qızılqaz, qırqovul, mandarin və karalin ördəkləri, sultan toyuğu... Buranı kiçik quş parkı da adlandırmaq olar. Abbas kişi illərdir bu quşları bəsləməklə məşğuldur. 50 ildən çoxdur ki, meylini quşlara salaraq onlarla nəfəs alan Abbas Abbasov Lənkəran rayonunun Liman şəhərində yaşayır. Onu yaratdığı rəngarəng təsərrüfatda dünyanın müxtəlif ölkələrindən gətirilən quşlara rast gəlmək mümkündür: “3 növ tovuzquşu var məndə, qırqovulun 20 növü var. Bunu 7-8 il əvvəl Ukraynadan gətirmişəm. Yaxşı bala verir. Buna deyirlər “pinqvin bequnok”. Bərk qaçmaqlarına görə “bequnok”, ayaq üstə durduqlarrına görə “pinqvin” qoyublar adını. Vətəni Hindistandır, amma Hindistanda yoxdur. İndi Almaniyada onu artırırlar”.

Abbas dayının kiçik zooparkında 300-ə yaxın 30 növdə olan müxtəlif cinsli quş var. Bu quşların içərisində ən kiçiyi bildirçin sayılır ki, onun da çəkisi 50 qram təşkil edir. Təsərrüfat sahibi quşların yemlənməsinə nə qədər çətin olsa da, xüsusi diqqət göstərir. “Qırmızı kitab”a düşən nadir canlıları bəsləmək və saxlamaq elə də asan başa gəlmir. Ev quşlarının içərisində ən çox maraq doğuran isə ayam çemani adlı qara toyuqlardır: “Çement ayamadır, vətəni İndoneziyadır. Deyilənlərə görə, onun əti xərçəngin dərmanıdır. Onun əti qaradır, amma yumurtaları ağ olur.

Kim əksini deyirsə, yalandır. Türkiyədə yumurtanı daş kömürün tozu ilə qarışdırırlar, sonra qoyurlar ayranın içinə, açılır olur qara. Nadir quş drofadır (dovdaq). Yer üzündə onun nəsli kəsilib, demək olar ki, 300-500 qalıb, ondan artıq ola bilməz. Özü də yem çox yeyirlər. 7 ilə yumurta qoyur. Sərf eləmir onu saxlamaq”.

Quşları görmək, onlarla tanış olmaq üçün təkcə Lənkərandan, ətraf rayonlardan deyil, eyni zamanda respublikanın hər bir bölgəsindən qonaqlar gəlir. Abbas Abbasov bu quşları satmaq, biznes qurmaq üçün saxlamadığını, bu quşları yemləmək və saylarını artırmaqla rahatlıq tapdığını bildirir. Ən böyük arzusu isə zoopark yaratmaqdır: “Mən icra hakiminin yanında oldum, çox köməklik elədi. Torpaq verdi. Bataqlıq əraziyə 360 maşın qum daşıtdırmışam. Mənim 74 yaşım var, öləndən sonra qoy başqası eləsin”.

Quşbaz Abbas kişi eyni zamanda ömrünün böyük bir hissəsini quşların tədqiqatına həsr edib. Dünyanın bir sıra ölkələrində Yaponiya, Kanada, İspaniya, Rusiya, İndoneziya və bir çox ölkələrdə flora və fauna ilə bağlı seminar və konfranslarda iştirak edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın