11:47 07 İyul 2020 364
Ana səhifə Xəbərlər

Koronavirusun yaratdığı fobiyadan necə qurtulmalı? - REPORTAJ

Bütün dünyanı təsiri altına alan koronavirus infeksiyası ilə mübarizəyə hələ də davam edirik. Virusun özü ilə yanaşı, fobiyası da sürətlə yayılmağa başlayıb. Ətrafımızdakı insanların virusa yoluxması, bu səbəbdən dünyasını dəyişməsi narahatlığımızı daha da artırır. Və bu narahatlıq bəzi hallarda koronafobiyaya gətirib çıxarır.

Bu ölümcül virusun birdən-birə həyatımıza daxil olub bizimlə yaşamağa başlaması, normal həyatımızı çərçivəyə salması təbii ki, psixologiyamıza da təsirsiz ötüşmür. Aylardır həm dünya, həm də ölkə gündəmində uzun müddət aktual problem olaraq qalan COVID-19 virusuna qarşı peyvəndin hələ də tapılmaması və günü-gündən ətrafdakı insanların, bəzən də doğmalarımızın bu bəlanın qurbanına çevrilməsini çarəsizcə izləmək insanları yetəri qədər gərginləşdirir. Bu gərginliyi nəzarət altında saxlaya bilməyəndə isə koronafobiya da qaçılmaz olur.

- Düşünürəm ki, fobiya pandemiyadan daha qorxuludur. Fobiya əsasında bu xəstəlik mart ayında başlamamışdan əvvəl məndə olub. Xəstə olmadığım halda, hiss edirdim ki, öskürəyim gəlir, qızdırmam var, burnum tutulur. Sonra başa düşdüm ki, bunlar yalançı simptomlardır.

- Biz də qorxuruq, həyəcan keçiririk, heç yerə rahat çıxa bilmirik. Körpə uşaqlarıma görə lap qorxuram. Uşaq evdə qalıb bütün günü. Çıxarmıram ki, uşaqdır, əlini ora-bura vurar, o da tutar.

- Gecə yuxu yata bilmirəm qorxudan. Bütün günü əl sabunlayıram. Həyəcanım çoxdur, çox qorxuram. Evdəki nəvələrə, uşaqlara görə də çox qorxuram. Allaha bütün günü yalvarıram ki, onlara gələn mənə gəlsin.

Psixoloq Gülər Məmmədova yaranmış vəziyyətlə bağlı insanların gərginliyinin artdığını, onlayn konsultasiyaya müraciət edənlərin sayının çoxaldığını deyib: “Ümumiyyətlə, mövcud vəziyyətlə əlaqədar insanların psixologiyasında yaranmış vəziyyət çox normal hesab olunur. Çünki artıq koronafobiya müharibəsi elan olunub. Və bu, insanların psixoloji durumuna mənfi təsir göstərir. İnsanların psixologiyasında müxtəlif fobiyalar olduğu halda, bu fobiyanın da əlavə olunması onların psixikasına mənfi təsir göstərərək gündəlik həyat tərzlərinə maneçilik törədir. Bu cür insanların həyəcan və təşvişi artır, daxilində bir təlaş formalaşır. Koronafobiyalı insanlar hər gün eşitdikləri informasiyalardan daha da həyəcanlanaraq həm özlərini, həm də ətrafdakı insanları təşvişə salırlar”.

Psixoloq qeyd edib ki, xüsusilə də koronafobiya panik atakdan, sinir sistemi xəstəliyindən əziyyət çəkən insanlarda müşahidə olunur. İnsanları ən çox yoran xəstəlik yox, ondan öncə keçirdikləri qorxudur. Bu cür fobiyası olan insanlarda hətta yalançı simptomlar da müşahidə olunur: “Bunun simptomları budur ki, bu cür insanlar fantastik düşüncələr qurmağa başlayırlar. Onlar gələcək qayğılarını artıraraq, bu ola bilər, bu yarana bilər, yaxın doğmalarım bu xəstəliyə tutula bilər kimi düşüncələrə qapılırlar. Məhz bu simptomlar sayəsində həyəcandan insanın bədəninin istiliyi, hərarəti belə yüksələ bilər. Həyəcandan, təşvişdən yaranan istilik 37 dərəcəyə belə qalxa bilər. Bu istiliyin nəticəsində də bir təlaş yarana bilər”.

Böyüklərin bu cür təlaş, qorxu içərisində olması uşaqlara da mənfi təsir edir. İlk olaraq valideyn gərginliyi öz üzərindən atmalıdır ki, övladına da sağlam atmosfer əks etdirə bilsin. Psixoloqun sözlərinə görə, bu yaranmış vəziyyət müvəqqətidir və gigiyenik qaydalara düzgün riayət edildiyi, hər bir insan öz məsuliyyətini dərk etdiyi halda, insanların təlaşlanmasına lüzum yoxdur.

Ətrafımızda koronafobiyadan əziyyət çəkən, narahatlığını çərçivəyə sala bilməyən insanlara virus həyatımızdan yox olana qədər mənəvi dəstək olmalıyıq. Bu çətin zaman dilimindən ən az zərərlə çıxmaq bizim əlimizdədir. Virusla mübarizədə qət etdiyimiz yolu yenidən geri qayıtmamaq, yayı bağlı qapılar arxasında keçirməmək, normal həyatımıza qayıtmaq üçün üzərimizə düşən kiçik məsuliyyətləri böyük səbirlə yerinə yetirməliyik.

FATMA ZAHİDQIZI

FAİQ HƏSƏNOV

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın