08:00 05 Mart 2020 166
Ana səhifə Xəbərlər

Koronavirusla gələn cinayət məsuliyyəti – REPORTAJ

Koronavirus hamını narahat edir. Kimisi gücü verir spirtə, kimisi qoruyucu maskaya, kimisi də elə ən yaxşısı dədə-baba üsuludur deyib, sarımsağını, zoğal mürəbbəsini əksik etmir.

- Cavan nəslə deyirəm bir az gücləndirin immuniteti. Sarımsaq həmişə güclü təsirə malik təbabət üsuludur. Bizim öz sarımsağımız daha güclüdür.

- Açığı, qorunmuram gördüyünüz kimi. Heç bir maskadan istifadə etmirəm. Evdə spirtdən çox istifadə edirəm, bir də sarımsaqdan.

APA TV xəbər verir ki, rəsmi açıqlamaya görə, ölkədə koronavirusa yoluxanların sayı 3 nəfərdir. Virusdan ölüm halı isə ümumiyyətlə, qeydə alınmayıb.

Bununla belə, insanların bəziləri, ümumiyyətlə, yoluxma halının olmadığına, bəziləri isə bu sayın daha artıq olduğuna inanır. Gözümüzü qorxuduruq, yoxsa təşvişə düşməyə doğrudan ehtiyac var?

- Bunu o qədər də səs-küyə salıb insanları qorxutmaq lazım deyil. Ən başlıcası, insan özü öz içərisində mübarizəyə hazır olmalıdır.

- Maska ilə gəzirik. Yolda yox. Metroya minəndə, sıxlıq olan yerlərdə. Belə narahatçılığı yoxdur.

- Qoruyuram. Deyilənə görə, əlləri 5 dəfə sabunla yumaq lazımdır. Edirəm. Baxaq görək, yan keçə bilsək, yaxşı olar.

Məsələnin digər maraqlı tərəfi də var. Ölkə gündəminin “əsas müzakirə məkanı” olan votsapdakı “valideyn qrup”larında səs-küy doğuran xəbərlər istehsal olunur, əsassız informasiyalar yayılır. Bu, bəzi adamlarda narahatlıq yaratmasa da...

- Qulaq asmıram, həmin adamları da blok edirəm. Məndə heç bir təşviş yaratmır.

- Bu tipli sms-lərə qulaq asmıram. Şişirtmə həmişə var.

Bəzilərini təşvişə salıb.

- Ciddi şəkildə qorxduğumu deyə bilmərəm, amma yenə də qorunuram.

- Əslində pis deyil, insanlara bir informasiya verir. Pis baxmıram.

Elə bu narahatlıq “fürsəti” əldən verməyənlər üçün göydəndüşmə fürsətə çevrilir. Gələn şansa əl çevirməyib mənfəət dalınca qaçan bəzi həmvətənlərimiz sosial mediada maska bazarı açıb, bəzi sahibkarlar isə qiyməti at belinə qaldırıb.

Ümumiyyətlə, bu məhsullarda müşahidə olunan qiymət artımı qanun pozuntusudurmu?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da son günlər sözügedən məhsullarda qiymətlərin artdığını təsdiq edir: “Qiyməti dövlət tərəfindən tənzimlənən mallar və xidmətlər var. Son günlər qriplə bağlı ölkədə maskaların və dezinfeksiya mallarının, o cümlədən spirtlərin qiymətlərinin qaldırılması ilə bağlı çoxsaylı zənglər gəlir. Qeyd edirəm ki, bu hallara yol verən sahibkarlar biznes etikasına uyğun olmayan hərəkət edirlər. Lakin bu malların qiyməti dövlət tərəfindən tənzimlənmədiyinə görə qanun pozuntusu deyil”.

Qeyd edək ki, Prezident İlham Əliyev də koronavirusla bağlı ölkədə yaranan maska qıtlığından da xəbərdar olduğunu bildirib. Bunun heç cür izahı olmadığını bildirən dövlət başçısı qıtlığı bilərəkdən yaradan şəxslərin cəzalandırılacağını qeyd edib:

- “Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək, öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq-mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcək. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.

Bəs sosial şəbəkələrdə açılan bazarlara hansısa nəzarət mexanizmi varmı?

“Sosial mediada yayılan informasiya psixoloji baxımından insanlara təsir edə bilər”. Bu sözləri APA TV-nin “ APAralel” verilisinin qonağı olan psixoloq Gülər Məmmədova deyib: “Qorxunun olmağı yaxşı bir şeydir. Qorxu insana düzgün yol göstərir. İnsanı yolundan da azdırır. Amma bu gün mən insanları mədəni qorxmağa çağırıram”.

Məlumat üçün bildirək ki, məşhur “Fendi” firması brend ipəkdən hazırlanmış qoruyucu maskasını sosial şəbəkələrdə 190 avroya təklif edib və dərhal satıb.

ABAD isə maraqlı PR edib: “Mənə koronavirusun təsiri yoxdur, çünki mürəbbə yeyirəm”.

İstər mürəbbə olsun, istər maska, istərsə də sarımsaq olsun – qorunma üsulunuzu özünüz seçin. Əsas odur ki, sağlam qalın!

İsa İsmayılov

Faiq Həsənov

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın