19:20 11 May 2020 625
Ana səhifə Xəbərlər

Koronavirusdan sonra daxili turizmi necə inkişaf etdirməli? – ARAŞDIRMA

Bütün dünyanı bürüyən koronavirus pandemiyası yayıldığı ölkələrdə təkcə insanların sağlamlığına deyil, eləcə də iqtisadiyyata ciddi ziyan vurub. Azərbaycan da qlobal məkanın bir üzvü olduğu üçün həmin ölkələrin acı təcrübəsini yaşayır. Xüsusilə ölkəmizin turizm sektoru koronavirus pandemiyasından ciddi zərər görən sahələrdən biridir. 2 aydan artıqdır ölkədə bütün otel və turizm istirahət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ölkəyə təyyarə reyslərinin təxirə salınması, sərhədləri bağlanması turizm sektoruna ciddi zərbə vurub. Nəzərə alsaq ki, bu qadağalar hələ bir müddətdə davam edəcək o zaman bu sahənin taleyi ciddi narahatlıq yaradır.

İndi hər kəs, xüsusilə də turizm sektorunda çalışanlar post-pandemiya dövrünə hazırlaşır. Bəs görəsən postpandemiya dövründə turizm sektorunu qısa müddətdə əvvəlki vəziyyətinə qaytarmaq mümkün olacaqmı?

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev hesab edir ki, turizmin antiböhran konsepsiyası qəbul olunan zaman ilk növbədə turizmə dəstək fondları yaradılmalıdır. Bu zaman gənclərin yeni təklifləri və startuplarının tətbiq olunması nəzərə alınmalıdır: “Dövlətin təşviq konsepsiyası dərinləşdirilməlidir. Bu gün özəl sektorda sahibkarlara dəstək həyata keçirilir. Ancaq bunu daha da dərinləşdirmək lazımdır. Hesab edirəm ki, əgər təşviq yanaşması davamlı olsa, o zaman vergi dərəcələrinin aşağı salınmasına o qədər də ehtiyac olmaz”.

İkinci vacib məsələnin azad iqtisadi zonalarla bağlı olduğunu deyən mütəxəssis hesab edir ki, yeni turizm zonalarının yaradılması, bura xarici investorların cəlb edilməsi üçün münbit şərait olmalıdır. Yəni bir ay ərzində onlar bütün prossedurları həyata keçirib investisiyaların yatırılmasına şərait yarada bilərlər: “Üçüncü ən aktual məsələ isə Azərbaycanda dünya bazarlarına çıxarıla biləcək rəqabət qabiliyyətli məhsulların təklifində maya dəyərinə təsir edəcək amillər var ki, biz bu məsələləri komissiyalarda və ictimai şuralarda müzakirə edirik”.

Ruslan Quliyev deyir ki, əgər biz yeni il qabağı, qış turizminə qədər hazırlıqları həyata keçirə bilsək 2021-ci il üçün ciddi addımlar atmış olacağıq. Çünki postpandemiya dönəmində qonşu dövlətlər ölkəmiz üçün əla bazar rolu oynaya bilər. Hazırda Şahdağ və Tufandağ kimi qış turizm məkanlarının fəaliyyəti regionda önəmli rol oynayır.

Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov isə hesab edir ki, hazırkı vəziyyətdə oturub pandemiyanın bitməsini gözləmək yalnış addım olar. Gələcəkdə bu sahənin fəaliyyətini gücləndirmək üçün indidən ciddi işlər aparılmalıdır. Hər bir turizm nümayəndəsi onlayn sərgilərdə, debatlarda iştirak edib dünya təcrübəsini bölüşməlidir. Nəzərə alsaq ki, ölkəmizdə yeni turizm məhsullarımız kifayət qədərdir o zaman bircə qalır həmin məhsulları yeni performansda təqdim etmək: “Biz əsasən təklif edirik ki, bölgələrdə monitorinqlər keçirilsin. Burada həm sanitariya normalarına riayət olunması, həm də sahibkarlarla danışıqlar aparılacaq ki, kadr potensialına yenidən baxılsın. Bununla yanaşı, qiymət siyasətinə yenidən baxılması vacibdir. Hesab edirik ki, karantindən sonrakı dövrdə turistlər üçün yüksək xidmət nümayiş olunmalıdır. Sui-istifadə halları olmamalıdır”.

Milli Məclisin deputatı Cavid Osmanov da post-pandemiya dönəmində daxili turizmin taleyinin müsbətə doğru dəyişəcəyini ümid edir. Deputat hesab edir ki, Avropa ölkələrində, eləcədə qonşu dövlətlərdə koronavirusun geniş yayıldığı və ciddi fəsadlar yaratdığı bir zamanda ölkəmizin turizm sektoru bundan xüsusilə yararlana bilər: “Sahibkarlar da ilk növbədə qiymət siyasətinə yenidən baxmalı və bu məsələni ciddi diqqətdə saxlamalıdırlar. Çünki Ölkəmizə gələcək turistlər, hətta yerli turistləri əsasən qiymət maraqlandırır. Eyni zamanda, Avropaya getmək istəyən yerli turist həmin ölkənin koronavirus təhlükəsinə diqqət yetirəcək. İlk növbədə yerli turizmi inkişaf etdirmək lazımdır. Daha sonra xarici turizmə nəzarət yetirilməlidir. Bu da ölkəmizin turizm sektorunda canlanmaya səbəb ola bilər”.

Deputat turizm sahəsində çalışan sahibkarlara da xüsusi çağırış etdi: “Hər bir sahibkara çağırış edirik ki, obyektlərində xidmət sahəsinə ciddi nəzarət etsinlər. Çünki istirahət etmək istəyən turistlər birinci növbədə xidməti dəyərləndirirlər. Postpandemiya dönəmində gigiyenik məsələlər ən önəmli məsələdir. Hansı turizm obyektində qiymətlər və xidmət müsbətdirsə ora axın da müsbət olacaq. Sahibkarlar bütün qoyulan tələbləri ilk növbədə özləri üçün, öz bizneslərini inkişaf etdirmək üçün etməlidirlər”.

Hər halda atalar yaxşı deyib: yaxşı düşünək ki, yaxşı da nəticə görək. Ümid edək ki, qoyulan tələblər və icra edilən qanunlar turizm sektorunu yalnız müsbətə doğru inkişaf etdirəcək.

İlahə Vəliyeva

Əli Ələkbər

Musa Qulammirzəyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın