05:20 30 Yanvar 2020 1679
Ana səhifə Xəbərlər

Koronavirus Bakıdakı Çin restoranlarına necə təsir edib? – ÇİNLİ MÜDİR DANIŞDI

Çində koronavirusa yoluxanların sayı günbəgün artmaqdadır.

APA TV-nin məlumatına görə, Çin ölkəmizdən xeyli uzaqda yerləşsə də, bir müddət öncə bu ölkədə yayılan koronavirus artıq qonşu ölkələrə qədər gəlib çatıb.

Hazırda hamını düşündürən bir sual var - özümüzü və yaxınlarımızı bu virusdan necə qoruya bilərik?

Səhiyyə Nazirliyi “Çin restoranlarına getməyi hələ ki, dayandırmaq lazımdır. İnsanlar bir müddət Çin qidalarından istifadə etməsinlər” xəbərdarlığı ilə çıxış etdi.

APA TV-nin “Sosium” verilişində qonaq olan respublikanın baş infeksionisti Cəlal İsayev isə bildirib ki, koronavirus yarasalarda olub. Bu, ilanlara keçib, onlardan da insanlara yoluxub: “İnfeksiya adətən insanlara dəniz məhsullarından keçmişdir. Sonralar belə bir fikir irəli sürdülər ki, bunlar yarasalarda olub, yarasalardan ilanlara keçib. Çində, bilirsiniz, ilan əti istifadə edilir. İlanlardan insanlara keçib”.

Bu xəbərdarlıqlardan sonra diqqət qida rasionunda bizə tamamilə yad olan mətbəxin nümunələrini təqdim edən restoranlara yönəldi. Uzaq Çini bizə yaxın edən və bu ölkənin mətbəxinin təklif olunduğu restoranlar həqiqətənmi bizim üçün bəladır?

Ağrımayan başımıza dəsmal bağlamamaq üçün üz tutduq sözügedən məkanlara. Düzdür, getdiyimiz hər restoran qapılarını üzümüzə açmasa da, qonaqpərvərliyimizi mənimsəyən bəzi yerlər bizi məmnuniyyətlə qarşıladı.

Restoranın rəhbəri Ba Li Jun bildirdi ki, təklif olunan məhsulların çox az miqdarı Çindən gəlir. Bunun da əksəriyyətini ədviyyatlar təşkil edir.

- Müştəriləriniz əsasən kimlərdir?

- Yarı-yarıdır. Azərbaycanlı müştərilər də var, başqa millətin adamları da var.

- Çin mətbəxindən hansı yeməkləri təklif edirsiniz müştərilərə?

- Ancaq Qumbo chi bi, Labşah, toyuq əti, mal əti.

- Məhsulları haradan alırsınız?

- Bakıdan.

- Dəniz məhsullarının təqdimatı hansı səviyyədədir?

- Hamısını Bakıdan alırıq. Balıq Bakıdandır. Sazan, sudakı, xan balığı.

Ofisiant Tural Bəşirov isə məhsulları xaricdən almadıqlarını deyir: “Hazırda dəniz məhsulları dondurulmuş halda satışda var. Bu məhsulları dondurulmuş halda alırıq, bişiririk və satırıq. Məhsullar xaricdən gəlmir. Xaricidən gətirilən məhsullar baha olur. Həm də sözügedən məhsullar daha aşağı qiymətlərə burada da var”.

Souslara gəlincə isə, Ba Li Jun qeyd etdi ki, əslində qeyri-adiliyi ilə diqqət çəkən bu məhsullar Çin yox, Yapon mətbəxinə aiddir: “Sous Yapon yeməyində olurş Çin yeməyində sous olsa, Çin yeməyi olmaz”.

Çinlilərin ən məşhur və qeyri-adi yeməyi hesab olunan “Pekin ördəyi”nin ləvazimatının haradan gətirilməsinə gəlincə, Tural Bəşirov qeyd etdi ki, Azərbaycanda onun bişirilməsi qaydasını bilən yoxdur: “Bu yeməyin dadı çox gözəl olur. Çinlilərin ən məşhur yeməkləri budur. Bu yeməyin hazırlanması üçün ördəklər Ukraynadan gətirilir. Yəni Çindən gəlməyi bizə sərf eləməz. Karqo ilə gələrsə, qiymət daha çox olur. Həmin ördəkləri baha qiymətə Çindən gətirsək, biz ona yüksək qiymət qoymalıyıq. Bu da müştəriləri qane etməyəcək. Biz harada yaxın yerlərdə o ördəklərdən varsa, oradan gətiririk”.

Virusun sürətlə yayılması, edilən xəbərdarlıqlar dadı damağa yad olan mətbəxə müraciət edən insanların sayına hələ ki təsir etməyib: “Hələ ki, azalma yoxdur. Müştərilər gəlib gedir. Hal-hazırda azərbaycanlılar daha çox maraq göstərir Çin mətbəxi olduğuna görə. İngilislər də çox gəlir. Çinlilər onsuz da gəlib-gedirlər”.

Xatırladaq ki, artıq Çində koronavirusa yoluxanların sayı 5974 nəfərə çatıb, onlardan 132 nəfəri dünyasını dəyişib.

İsa İsmayılov

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın