03:20 07 Fevral 2020 329
Ana səhifə Xəbərlər

Köməyə ehtiyacı olan insanlara necə yardım edilir? - FHN MEDİA-TUR TƏŞKİL EDİB

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin təşkil etdiyi təlimlərə media-tur təşkil olunub.

APA TV-nin verdiyi məlumata görə, bu zaman xidmətin bölük və taborlarına məxsus nəqliyyat və aparat təchizatı, suda və quruda, eləcə də çətin şəraitdə xilasetmə əməliyyatlarının təlimləri media nümayəndələrinə nümayiş etdirilib.

Media nümayəndələri öncə Xidmət əməkdaşlarının istifadəsinə yeni verilən və Almaniyanın “BMW” şirkətinə məxsus motosikletlər, Latviyanın “POLARİS” şirkətinə məxsus kvadrosikllarla tanış olublar. Bildirilib ki, motosikletlərdən hadisə yerinə daha tez çatmaq üçün, kvadrosikllardan isə çətin relyefi olan ərazilərə kiçik qrupları daşımaq məqsədilə istifadə ediləcək.

Daha sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları yüksək relyefli dağlıq ərazilərdə qalan və quyuya düşən vətəndaşların necə xilas edildiyini nümayiş etdiriblər.

Xidmətin Sularda Xilasetmə taborunun əməkdaşları isə avtomobili ilə gölə düşən vətəndaşı sudan çıxarıblar.

Xüsusi Riskli Xilasetmə Xidmətinin Minalardan Təmizləmə qrupunun əməkdaşları ən son avadanlıqlarla təchiz edilib. Təlim zamanı onlar kinoloji qrupun xüsusi təlim görmüş “Şeri” adlı iti ilə birlikdə içində partlayıcı olan çantanı aşkarlayaraq uzaqdan zərərsizləşdiriblər. Qrup həmçinin ərazinin minadan təmizlənməsi əməliyyatını da nümayiş etdirib.

Media-tur zamanı şübhəli avtomobildə olan partlayıcı isə uzaqdan idarə edilən “Vanqard” robotu vasitəsilə zərərsizləşdirilib.

Sonda dağıntılar altnda qalan vətəndaşları xilas etmək üçün təşkil olunan əməliyyatlar nümayiş edilib. Bu zaman kinoloji qrupun insan axtarışı üçün xüsusi təlim keçmiş iti dağıntı altında qalan şərti zərərçəkəni tapıb. Bundan sonra üzərində kiçik kamera, su, ilkin tibbi yardım vasitələri və əlaqə üçün vasitə yerləşdirilən xüsusi geyimli digər it zərərçəkənə kömək üçün göndərilir.

Xüsusi Riskli Xilasetmə Xidmətinin təşkil etdiyi təlimlər uğurla yekunlaşıb.

Səfər Əlizadə

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın