14:56 08 Aprel 2021 171
Ana səhifə Xəbərlər

Koçaryanın Moskva yalanları – BİZİM ŞƏRH

Gözlənilən və həm də gözlənilməyən baş verdi - Robert Koçaryan “xortladı” və iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərinə qatılacağını bəyan etdi.

Gözlənilən ona görə ki, siyasi mövcudluğu Dağlıq Qarabağ münaqişəsi və müharibəsi üzərində qurulan birinin Ermənistanın İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətindən yenidən siyasi meydana atılmaq üçün istifadə etməyə cəhd edəcəyi əvvəldən mümkün və real görünürdü.

Gözlənilməz ona görə ki, 10 noyabr anlaşmasını Ermənistanda Robert Koçaryan da daxil olmaqla heç kəsin pozmağa cəsarət edə bilməyəcəyi gün kimi aydındır. Çünki Rusiya Prezidenti Vladimir Putinin “bu razılaşmanı pozmaq cəhdi Ermənistan üçün intihara bərabər olar” xəbərdarlığı təkcə Paşinyan hökumətinə deyil, bütün erməni siyasi isteblişmentinə ünvanlanıb. Elə Koçaryanın özü də xalqa yeni nəsə vəd etmir və revanş barədə düşünmədiyini deyir: “Bu gün Ermənistan dövləti və Ermənistan ordusunun vəziyyəti heç bir ayıq düşüncəli insanın bu cür intiqam almağı düşünməsinə icazə vermir”.

Bu mənada ortaya sual çıxır: erməni xalqına yeni nəsə vəd etmirsənsə, o zaman niyə ortaya düşmüsən?

Normalda siyasi iddiasını öz ölkəsində açıqlamalı olan siyasətçinin bu iddiasını başqa ölkədə və həmin ölkənin mediasında açıqlaması da yeni suallar yaradır. Təbii ki, Robert Koçaryan kimi müharibə cinayətkarı bu suallara heç vaxt səmimi cavab verməyəcək.

İndi isə keçək aprelin 5-də Rusiyanın Birinci kanalında Vladimir Poznerin qonağı olan Robert Koçaryanın söylədiklərinə. Müsahibə boyu Ermənistanın ikinci prezidenti 44 günlük müharibədəki biabırçı məğlubiyyətə görə baş nazir Nikol Paşinyanı ittiham edir. Təbii, danışıqlar prosesinin dalana dirənməsinə və münaqişəni həll etmək üçün müharibədən başqa yol qoymadığına görə Paşinyan məsuliyyət daşıyır. Onun gah danışıqları sıfırdan başlamaq, gah rəsmi Bakını Dağlıq Qarabağ separatçıları ilə birbaşa danışıqlara çağırması təklifləri, Şuşanın Cıdır düzündə yallı getmək və “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı kimi təxribatçı hərəkətləri danışıqların müharibə ilə əvəzlənəcəyinə şübhə yeri qoymurdu. Lakin gəlin, görək Ermənistan ordusunun rəzil gündə olmasına görə doğrudanmı baş nazir məsuliyyət daşıyır?

Xatırlayırsınızsa, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun şanlı qələbəsi Serj Sarkisyanın hakimiyyətdən getməsi ilə nəticələndi. O zaman Azərbaycanda çoxu Aprel döyüşlərini haqlı olaraq Böyük Vətən müharibəsinin baş məşqi kimi qiymətləndirirdi. Zaman onları haqlı çıxardı. Dörd il yarım sürən hazırlıqdan sonra gözlənilən an yetişdi və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələr işğal altında olan Vətən torpaqlarını azad etmək üçün hərəkətə keçdi.

Nə az, nə çox - dörd il yarım! Bu, hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çox olan Azərbaycana müharibəyə hazırlaşmaq üçün lazım olan vaxt idi. Paşinyanın isə müharibəyə hazırlaşmaq üçün cəmi üç il vaxtı olub - hakimiyyətə gəldiyi vaxtdan hesablasaq. Bütün regional layihələrdən kənarda qoyulmuş, işğalçı siyasəti ilə özünü faktiki olaraq blokadaya salmış, kasıblıq və səfalət içində çapalayan bir ölkə müharibəyə üç il ərzində necə hazırlaşa bilərdi? Nəzərə alsaq ki, Paşinyandan üç il əvvəl Ermənistan düz 20 il Koçaryan-Sarkisyan-Ohanyan üçlüyünün başçılıq etdiyi cinayətkar Qarabağ klanının nəzarətində olub, o zaman sual yaranır: hanı sizin qurduğunuz ordu? Nə qədər gizlətməyə çalışsalar da, Ermənistan ordusunun hazırkı biabırçı vəziyyətinə görə Nikol Paşinyandan çox Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyan məsuliyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev nahaq yerə dəfələrlə təkrarlamır ki, “Paşinyan heç kimdir, biz sizi məğlub etmişik, Koçaryan və Sarkisyan! Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi məğlub etmişik. Sizin ordunuzu biz məhv etmişik!”

Bu adamlar faktiki olaraq Birinci Qarabağ müharibəsindən sonra Ermənistan ordusunun güclənməsi üçün işğal olunmuş ərazilərimizi minalamaqdan və “Ohanyan səddi” qazaraq, barəsində mif yaratmaqdan başqa heç nə etməyiblər. O səddin heç də deyilən qədər güclü olmadığını 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu cəmi yarım saata sübut etmişdi.

İndi Paşinyanı təslim olmaqda ittiham edən Robert Koçaryan nədənsə unudur ki, 2016-cı ilin Aprel döyüşləri vaxtı Serj Sarkisyan da xələfi Nikol Paşinyan kimi Moskvaya zəng edərək xilas üçün yalvarmış, Azərbaycanın şərtlərini qəbul edəcəyini bildirmişdi. Lakin sonradan Sarkisyanın verdiyi sözdən qaçaraq bu məsuliyyətin altına girməməsi, hakimiyyəti çox asanlıqla Paşinyana “təhvil verməsi” Qarabağ danışıqlarının perspektivliyinə ciddi zərbə vurmuş oldu. Bütün bunları unudan Robert Koçaryan Azərbaycan Prezidenti İlham Əliyevlə Paris danışıqları zamanı ayaqyolu adı ilə otaqdan çıxıb təyyarəyə minərək İrəvana qaçdığını necə, xatırlayırmı?

Robert Koçaryanın müsahibəsində məntiqsizlik də göz deşir. Deyir ki, münaqişənin həlli üçün ən optimal variant “əldə saxladığımız torpaqların Qarabağın statusu ilə dəyişdirilməsi” ola bilərdi: “Biz 1992-1994-cü illər müharibəsi nəticəsində azad edilmiş torpaqlar deyirik, vasitəçilər isə tutulmuş. O torpaqlar prinsipcə bufer zonası kimi DQR-in tərkibinə qatılmışdı, amma Konstitusiya Qarabağın statusu ilə dəyişdirməyə icazə verirdi”. Ermənistanın ikinci prezidenti keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənar işğal etdikləri Azərbaycan torpaqlarını bir cümlədə üç cür – “əldə saxladığımız”, “azad edilmiş” və “bufer zonası” kimi təqdim edirsə, o ərazilərin statusunu 30 il ərzində özü üçün hələ də müəyyənləşdirə bilməyib, demək.

Vladimir Poznerə müsahibəsində Robert Koçaryan əhalinin Ermənistanı kütləvi şəkildə tərk etməsinə də haqq qazandırır və buna görə də təbii ki, Nikol Paşinyanı günahlandırır. Halbuki, 1991-ci ildə SSRİ dağılanda Ermənistan əhalisinin sayı 3 milyon, Azərbaycan əhalisinin sayı 7 milyon idi. Bu gün Azərbaycan əhalisinin sayı 10 milyonu keçib, Ermənistan əhalisinin sayı isə az qala 2 milyona düşüb (Koçaryan bu rəqəmin 2 milyon 900 min olduğunu deyir). 30 ildə özünə normal vətən və dövlət qura bilməyən, “vətən” deyəndə “Böyük Ermənistan” nağılları ilə özünü ovunduran, dövlət sərhədlərinin qorunmasını başqa ölkənin hərbçilərinə həvalə edən xalq və onun siyasətçiləri hələ də müharibədəki məğlubiyyətə görə səbəb və günahkar axtarırlar. Pozner demişkən, “Armeniya – bednaya strana”, yəni Ermənistan kasıb ölkədir. Amma rus dilində “bednaya” sözü həm də bədbəxt mənasını verir…

P.S. Fikir verdinizsə, Robert Koçaryanı “Dağlıq Qarabağın birinci prezidenti” kimi təqdim edən jurnalist Vladimir Pozner haqqında heç nə yazmadım. Başqa ölkələrə qarşı separatçı fikirləri ilə tanınan, 87 yaşında Gürcüstandan biabırçı şəkildə qovulan bir adam özünə hörmət etmirsə, bizim yazmağımızla da özünə hörmət etməyəcək.

Cavid İsmayıl, APA TV-nin baş redaktoru

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın