10:40 02 Aprel 2020 256
Ana səhifə Xəbərlər

“Kaş internet olmayaydı...” – TƏRƏKƏMƏ OBASINDAN REPORTAJ

Koronavirusun tüğyan etdiyi bir vaxtda ən etibarlı yaşayış məskəni tərəkəmə həyatı yaşayan ailələrin məskunlaşdığı ərazilərdir. Onların təşkil etdiyi obalar cəmi 3-5 ailədən ibarət olur. Burada yaşayan insanlar ilboyu bütün azuqələrini özləri istehsal edirlər.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Sədiqə Əhmədova Ağdamın Mərzili kəndindən köçkün düşdüyü gündən Ergi düzündə məskunlaşıb. Onun ailəsi dədə-babadan tərəkəmə həyatı yaşayır. İndiki gənclərin qəbul etmədiyi bu həyat tərzi çətin olsa da, maraqlı və etibarlıdır. Sədiqə Əhmədova bu yaşam tərzini əcdadlarından miras qalan sərvət hesab edir: “Səhər durub inəklərimizi sağırıq, uşaqların çayın-çörəyin veririk, toyuq-cücəmizin dənini veririk. Südümüzü çəkirik. Hamısını özümüz edirik. Mağazadan qənd-çay alırıq. Bir aylıq ərzaq alırıq. Yağı, pendiri özümüz hazırlayırıq”.

Yataqlarda yaşayan kişilər mal-qaranı otardığı müddətdə qadınlar ev işləri ilə məşğul olur. Tərəkəmə qadını daha mehriban, daha istiqanlı və qoçaq olur. Bu fədakar qadınlar yoruldum demədən sübh tezdən günəş batanadək çalışırlar. Daha çox gəlir əldə etməklə yanaşı, ailənin bütün qayğısı onların çiyinlərindədir.

Tərəkəmələr köçəri maldarlardır. Bu kəlmə daha çox onların peşəsini deyil, həyat tərzini ifadə edir. Tərəkəmələr Böyük Qafqaz dağ silsiləsinin şərq ətəklərində və Mərkəzi Aran zonasında yaşayırlar. Onlar qoyun və keçi saxlamaqla məşğul olurlar. Tərəkəmələr ildə iki dəfə, may ayında yaylaqlara, sentyabr-oktyabr aylarında isə qışlaqlara köçürlər. Lakin torpaqlarımızın işğalı nəticəsində yaylaqların ermənilərin nəzarətinə keçməsi ilə bəzi ailələr oturaq maldarlıq və əkinçiliklə məşğul olmağa başlayıb. Sədiqə Əhmədova deyir ki, burada yaşayan ailələr yaylağa getmədikləri üçün bostan və tərəvəz bitkiləri becərirlər: “Xiyar-pomidor əkirik, göy-göyərti əkirik. Oradan yığdığımız məhsuldan isə qışlıq bağlamalarımızı bağlayırıq”.

Uzun illərdir ki, tərəkəmə həyatı yaşayan Sənubər Məmmədova da torpaqlarımızın işğalından sonra oturaq həyata keçdiklərini bildirir: “Özümüz əvvəldən tərəkəmə olmuşuq. Erməni-müsəlman davasından sonra oturaq həyata keçdik. Dağlardan kəklikotu, qırxbığım, əvəlik yığıb gətirirdik. Çox soyuq bulaqlardan su içmişik. Heyvanları kəsib bir həftə yeyirdik. Amma indi burda yaşayırıq”.

Rasim Xudiyev isə 27 ildir Ergi düzündə yaşayır. Mal-mülkünü ermənilər talan etdikdən sonra burada məskunlaşıb və həyatını yenidən qurub. Yaşam tərzindən narazı deyil. Təkcə narahatlığı indiki gənclərin bütün günlərini internetdə keçirməsindəndir: “Belə yerlər ən təhlükəsiz yerlərdir. Bircə internet olmaya. Çünki onda gənclər heç bir iş görmürlər. O da bağlansa, tam təbii insanlar olarıq. Biz bostan-tərəvəzimizi də, heyvanlarımızı da özümüz becəririk. Lazım olan qədər özümüzə götürürük, qalanını isə satırıq”.

Qeyd edək ki, təxmini hesablamalara görə, ölkə ərazisində 500-ə yaxın tərəkəmə yaşayır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın