07:20 23 May 2020 445
Ana səhifə Xəbərlər

Karantin dövrünün reallığı: virtual teatr - REPORTAJ

Səhnə tamamlanır, pərdələr qapanır, tamaşaçılar isə... Ancaq yox, bu tamaşanın sonunda bizi alqış gözləmir. Çünki virtual dünyada izləyici sevgisini alqış yerinə, “bəyənmə” tuşuna sıxılmış barmaqlar ifadə edir. Görünür, rəqəmsal təkamül, incəsənət aləminə də yenilik gətirməkdə qərarlıdır.

Karantin bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların onlayn həyata meyllənməsinə səbəb olub. Hətta görmüşük ki, “Facebook” platformasında son zəngi canlı-canlı yayımlayanlar da var. Bəs görəsən, insanların xəbəri varmı ki, onlar əslində virtual teatr mədəniyyətini formalaşdırmaqla məşğuldur?

- İlk dəfədir eşidirəm. Görməmişəm.

- Ümumiyyətlə, xarici ölkələrdə bunun haqqında məlumatlar eşitmişəm, görmüşəm hətta “Youtube” və başqa platformalarda. Amma hazırda Azərbaycanda virtual teatr yoxdur və heç onun haqqında çalışanlar da yoxdur. İstərdik, təbii ki, Azərbaycanda da virtual teatrlar olsun.

- Virtual teatrlar haqqında heç bir şey eşitməmişəm. Yəqin ki, bu, təzə anlayışdır. Ola bilər, virtual teatrları koronavirus, karantin dövrünə görə kəşf eləyiblər ki, insanlar teatrları evlərindən rahatlıqla izləyə bilsinlər. Amma məncə, teatrlar elə realda olsa, yaxşıdır. Gedək teatrlarda oturaq, canlı-canlı baxaq.

- Mən Azərbaycanda böyümüşəm uşaqlıqdan, belə şeyi nə görmüşəm, nə də eşitmişəm.

Məsələ ilə bağlı sosial mediada dəfələrlə canlı yayım etmiş aktyor Nofəl Vəliyev deyir ki, bu fərqlilik Azərbaycandan başqa, bütün dünya ölkələrində yeni bir hərəkatıdır: “Virtual teatr müasir dövrdə zəmanəmizin məcburən yaratdığı bir formadır əslində. Təbii ki, mən, virtual teatrın olmasının tərəfdarı deyiləm. Amma bu gün gündəmimizdəki vəziyyət bizi məcbur edir ki, virtual teatr olaraq fəaliyyət göstərək”.

Alqışlardan məhrum səhnələri sevmədiyini deyən aktyorun fikrincə, əgər ölkəmizdə virtual teatr mədəniyyəti formalaşsa, məlum tendensiyanın davamı da gələcək: “Virtual teatrı yaratdıqsa, bunu da inkişaf etdirib, daha maraqlı formalarını tapa bilərik. Çünki bu gün dünya müasirdir. Misal üçün, mən tələbələrlə Hamletin monoloqunu virtual olaraq qurmuşdum. Yəni çalışırıq, aktyorla tamaşaçı arasında bir bağ yaransın”.

Aktyor Nicat Kazımovun fikrincə, heç nə təbiiliyi əvəzləyə bilməz və tələbat olduğu müddətcə canlı tamaşalar da ölməzliyini itirməyəcək: “Nəzərə alaq ki, teatr canlı sənətdir. Düşünürəm ki, virtual teatrı heç də müsbət bir şey kimi qiymətləndirmək olmaz. Yəni teatr canlıdır. Teatr təkcə aktyorların bir-biri ilə və rejissorla ünsiyyəti deyil, həm də tamaşaçı ilə aktyorun ünsiyyətidir. O nəfəsi eşitmək çox vacibdir”.

Bəs kritik problem hansıdır: tamaşaçı nəfəsini eşitməmək, yoxsa pərdəsi qədim Yunanıstandan qalxmış teatr mədəniyyətinin özünəməxsusluğu? Nicat Kazımov deyir ki, teatra hər zaman ehtiyac duyulacaq: “Bir ara süni güllər dəbə minmişdi və çox gözəl süni güllər düzəldirdilər. Belə deyək də, bazar dolu idi, hər kəsin evində vardı, ancaq bu o demək deyil ki, təbii gülə ehtiyac yox idi. Təbii gülə hər zaman ehtiyac olub. Teatr da həmin təbii güldür. Hansının ki, ətri var, nəfəsi var, hiss eləmək lazımdır. Bu virtual məşqlər vaxt itirməmək üçündür, nəyisə bir balaca kompensasiya eləməkdən ötrüdür”.

Dəyişkən dünyamızın rəqəmsallaşdığını nəzərə alsaq, demək olmaz ki, virtuallıq bizə yad anlayışdır. Günümüzü telefon zəngləri ilə açıb mesaj bildirişləri ilə bitiririksə, mövcud vəziyyətin incəsənət sahələrinə təsiri də gözləniləndir. Lakin ümid edirik, virtuallıq – teatr mədəniyyətinin sonuncu pərdəsi olmayacaq. Canlı alqışlar diləyi ilə...

Mir Çingiz Ağazadə

Musa Qulammirzəyev

Əli Ələkbər

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın