05:43 08 Aprel 2021 104
Ana səhifə Xəbərlər

Jurnalistlər ETSN-nin təşkilatçılığı ilə Zəngilana səfər edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakı ilə Zəngilan rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

APA TV xəbər verir ki, əvvəlcə şəhərin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirilib.

Daha sonra isə erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutub.

Aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkilib. Həmçinin palıd, şərq çinarı və tut ağacının toxumları əraziyə səpilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, hazırda Zəngilanda ağac əkilən ərazilər vaxtilə sıx meşələr olub:

"İşğaldan sonra bu yerlər ekoloji terrora məruz qalıb. İlkin araşdırmalara görə, işğala qədər 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Monitorinqlər davam etdikcə erməni işğalçılarının məhv etdiyi ərazilərin miqyasının daha çox olduğu üzə çıxacaq".

Media nümayəndələri daha sonra işğaldan azad edilmiş Zəngilanda yerləşən Oxçuçay və Əhəng Dağını ziyarət edib. Jurnalistlər əraziyə baxış keçirib, burada erməni vandalizminin şahidi olub.

ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov jurnalistlərə açıqlamasında bildirib ki, Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb.

Bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Zəngilanda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğuna səfər edib. Jurnalistlər əraziyə baxış keçirib, burada erməni vandalizminim şahidi olublar. Bəsitçay Dövlət Təbiət qoruğunun ümumi sahəsi 107 hektardır.

Jurnalistlərə açıqlamasında Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, Zəngilan rayonu ərazisində iki xüsusi mühafizə olunan təbiət ərazisi yerləşir: "Onlardan biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digər isə Arazboyu Dövlət Təbiət yasaqlığıdır.

Bununla da jurnalistlərin Zəngilana səfəri başa çatıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın