16:22 10 Avqust 2020 1255
Ana səhifə Xəbərlər

İsveçrədə 13 yaşlı soydaşımız erməni vəhşilikləri ilə bağlı video hazırladı

İsveçrənin Cenevrə şəhərində yaşayan 13 yaşlı azərbaycanlı yeniyetmə İlkin Səfərli Ermənistan və Azərbaycan arasında baş verən son hadisələrlə bağlı ingilis dilində video hazırlayıb.

APA TV xəbər verir ki, o, hazırladığı videoda ermənilərin xaricdə yaşayan azərbaycanlılara qarşı törətdikləri zorakılıq və vəhşiliklərini əsaslı şəkildə ictimailəşdirib.

İlkin öz videomaterialında həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən, erməni işğalının nəticələrindən və Xocalı soyqırımından danışaraq, Azərbaycanın sülh tərəfdarı olduğunu bildirib və dünya ictimaiyyətini Ermənistanın davam edən işğalını dayandırmağa səsləyib.

Kiçik yaşı olmasına baxmayaraq, hazırladığı 12 dəqiqəlik bu videomaterialda İlkin Azərbaycan həqiqətlərini Avropa dinləyicilərinin daha rahat şəkildə qəbul edəcəyi formada çatdıra bilib. Elə bu səbəbdən hazırda videomaterial Avropa və digər ölkələrdəki yeniyetmə və gənclər arasında müxtəlif sosial media platformalarında sürətlə yayılmaqdadır. İlkin yaxın gələcəkdə videomaterialın Fransız dilində olan versiyasını hazırlamağı planlaşdırır.

İlkin Səfərli həmçinin iki həftə öncə BMT-nin Cenevrədəki Ofisi qarşısında İsveçrədə yaşayan soydaşlarımızın keçirdiyi aksiyada çıxış edərək erməni işğalına etiraz edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın