12:00 05 Aprel 2020 4766
Ana səhifə Xəbərlər

İşsizlər birdəfəlik ödəniş alacaq, tələbələrin təhsil haqqı ödəniləcək - HÖKUMƏT YENİ PAKETİ AÇIQLADI

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində -190 manat birdəfəlik ödəmə veriləcək.

APA TV-nin məlumatına görə, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, bu, 200 min nəfəri əhatə edəcək. Bu məqsədlə aprel və may ayları üçün 70 milyon manat vəsait ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu tədbirin icrasını təmin etməlidir.

Bundan başqa, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvt/s həcmində artırılacaq. Bu məqsədlə 10 milyon manat ayrılıb. İqtisadiyyat və Maliyyə nazirlikləri bu tədbirin icrasını təmin etməlidir.

Sənədə əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək. Bu məqsədlə 40 milyon manat ayrılıb. Maliyyə Nazirliyi 2020-ci il ərzində bu tədbirin həyata keçirilməsini təmin etməlidir.

Eyni zamanda güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi artırılacaq. Maliyyə Nazirliyi aprel ayında güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminin artırılması üçün 90 milyon manat ayrılmasını təmin etməlidir.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar aprel-may aylarında yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlər və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstəriləcək.Bu tədbirlər ümumilikdə 14 min nəfəri əhatə edəcək. Tədbirin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Pandemiya ilə bağlı əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və ölkəyə idxal olunan müvafiq məhsullarla tam və fasiləsiz təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər də açıqlanıb. 2020-ci il ərzində İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının müddətli olaraq “0” dərəcəyə endirilməsi (və ya azaldılması) və zəruri hesab edilən məhsulların idxalı zamanı həyata keçirilən gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin növbədənkənar (sürətləndirilmiş) tətbiqini təmin etməlidir.

Bundan başqa, Azərbaycanda iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə 2020-ci ilin aprel-dekabr ayları ərzində ölkədə kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək. Bu sahədə icraçı qurumlar İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bank müəyyənləşdirib.

Sənədə əsasən, Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) hansı vergi güzəştlərinin və tətillərinin veriləcəyi də məlum olub.Bu məqsədlə 115 milyon manat ayrılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın