01:16 10 Avqust 2020 537
Ana səhifə Xəbərlər

İsraildə Azərbaycana dəstək aksiyası keçirildi

İsrailin Tel-Əviv Yafo şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədi ilə yürüş-mitinqi keçirilib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən APA TV-yə verilən məlumata görə, "İsraildə Azərbaycan Evinin" təşkil etdiyi aksiyada bu ölkədə yaşayan 400-dən çox Azərbaycan kökənli soydaşımız iştirak edib.

Azərbaycan və İsrailin dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi yürüş-mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pisləyiblər.

Yürüş-mitinq ərzində qəhrəman şəhidlərimizin adları bir-bir çəkilib, "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Erməni terroruna son!", "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq", "Sən çağırsan gələrəm mən, yaşa doğma Azərbaycan!, Sənin üçün ölərəm mən, yaşa doğma Azərbaycan!" və sair şüarlar səsləndirilib.

Yerli polis qüvvələrinin nəzarət etdiyi aksiya bəyanatın oxunması ilə başa çatıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın