19:49 04 Avqust 2020 531
Ana səhifə Xəbərlər

İsmayıllı-Qəbələ yolunu sel basıb, evlərə su dolub

İsmayıllı rayonuna yağan leysan fəsadlar törədib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, bir neçə saat davam edən leysan yağışından sonra dağlardan gələn sel suları rayonun Qurbanəfəndi kəndində və Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün avtomobil yolunu 100 metr məsafədə sel basıb. Sel sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bir müddət bağlanmasına səbəb olub. Nəticədə Bakı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel suları həmçinin bəzi avtomobillərin içərisinə dolub.

İsmayıllı rayon yol-istismar idarəsinin texnikaları əraziyə cəlb olunub, yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün işlər görülüb.

Rayonun Qurbanəfəndi kəndi ərazisindən keçən Qaraçay çayının daşması nəticəsində bir neçə fərdi yaşayış evini və bir istirahət mərkəzini, oradakı kottecləri su basıb, vətəndaşlara məxsus 40-a yaxın qoyun tələf olub, ev quşlarını sel aparıb.

Dəyən ziyanla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın