17:10 20 Noyabr 2020 368
Ana səhifə Xəbərlər

İsmayıllı Qarabağ qazisini təntənə ilə qarşıladı – REPORTAJ

Yerə-göyə sığmayan qələbə sevincimizi, 30 illik Vətən həsrətimizin bitməsini Azərbaycan əsgərinə borcluyuq.

APA TV-nin yerli bürosunun xəbərinə görə, o, əsgərlərimizdən biri də 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən 29 yaşlı Dilqəm Həmidlidir.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə başından, kürək və ayağından qəlpə yarası alan Dilqəmi yaşadığı İsmayıllı rayonunda böyük qürur və izdihamla qarşıladılar.

Qəhrəmanımız öz döyüş yoldaşını xilas edərkən yaralandığını deyir: “Döyüş zamanı əsgər yoldaşım dizindən yaralandı. Mənim ehtiyat jqutum var idi. Mən özüm üçün saxladığım jqutu əsgər yoldaşım üçün istifadə etdim ki, qanı itirməsin. Ona kömək elədim ki, səngərə düşək, atəş açanda yaralanmayaq. Səngərə düşdükdən sonra başqa yaralı yoldaşımız vardı, onu gətirməyə gedirdim. Minomyot atanda səs gəlir, özünü müdafiə etmək olur. Amma tankın mərmisindən səs gəlmir, düşəndə partlayır. Mərmi yaxınlığımıza düşdü, alovunu hiss etdim, ağrını hiss elədim, üzümdən yaralandım”.

Oğlunun vətən uğrunda yaralanmasından qürur duyduğunu deyən Fənarə ana Dilqəmin cəbhəyə gedərkən ona hədiyyə etdiyi fincanda indiyədək çay içməyib. Ana oğlunu cəbhəyə göndərərkən onun şəhid olmasını da, yaralanmasını da gözləyirdim deyir: “Dedi ki ,ana, bu fincanı sənə verirəm. Bunda mən gələnə qədər çay içərsən. Onda mən düşmənin üzərinə daha da rəşadətlə gedəcəyəm. Dedim ki yox sən gəl ,öncə sən içərsən çayı sonra mən. Səni Allaha əmanət elədim. Get vətən yolunda! Hazır idim şəhidliyinə də yaralı gəlməsinə də hazır idim. Mən bu gün fəxr edirəm bir Azərbaycan qadınlı kimi çünki oğlum vətən yolunda yaralanıb. Çünki analar oğulu vətən üçün böyüdür”.

Dilqəmin bacısı Günay da qardaşı ilə fəxr edir: “Çox xoşbəxtəm ki qardaşım Qazidir. Allah bu xoşbəxtliyi bizə yaşatdı. Qardaşım vətən yolunda Qazi oldu”.

Dilqəmi nə yaraları, nə də ağrıları təəssüfləndirir. Vətənimizin qəhrəman oğlunun tək arzusu var yenidən cəbhəyə yollanmaq.

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın