20:21 30 Oktyabr 2020 632
Ana səhifə Xəbərlər

İşğaldan azad edilən 4 kənddə sərhəd zastavaları bərpa olundu

Ermənistanın işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının ərazisində dörd sərhəd zastavasının bərpadan sonra açılışı olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Soltanlı, Xələfli, Xudafərin və Qumlaq kəndlərində sərhəd zastavaları üzərində bu gün dövlət bayrağı ucaldılıb.

Dövlət Sərhəd Xidmətinin zabitləri sevinclərini jurnalistlərlə bölüblər:

- Bu günün xoşbəxtliyi, sevinci hüdudsuzdur, mən onu sözlə ifadə edə bilmərəm. Bir onu bilirəm ki, çox xoşbəxtəm. Xoşbəxtəm ki, artıq biz sərhədi səngərdə yox, açıq şəkildə dövlət sərhədinin mühafizəsini həyata keçiririk. Bu gün 27 illik məşəqqətli bir həsrətin vüsal günüdür. Bu gün Azərbaycan adlı bir anamızın Cəbrayıl övladı ilə, Füzuli övladı ilə, Qubadlı övladı ilə, Zəngilan övladı ilə görüş günüdür. Bu görüş çox müqəddəs bir görüşdür. Bu gün azacıq da olsa, bu tədbirin iştirakçısı kimi payım varsa, çox xoşbəxtəm. İnanın, sözlə ifadə edə bilmirəm.

- Bu gün həqiqətən bizim üçün qürurverici bir andır ki, biz düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etmişik. Biz söz veririk ki, torpaqlarımızın hamısını azad edəcəyik. Cənab Ali Baş Komandanımıza, Azərbaycan xalqına bu sözü deyirik və inşallah, bizim üçrəngli bayrağımız bütün torpaqlarımızda dalğalanacaq. Biz bununla qürur və fəxr hiss duyuruq. Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

Bununla da dörd sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb. 1993-cü ildə işğal olunmuş, 27 ildən sonra azad edilmiş dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub:

27 ildən sonra Azərbaycan əsgəri səngərdən çıxaraq sərhədə gəlib. Bu gün Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan bölgələrində - Xudafərin, Xələfli, Soltanlı, Qumlaq sərhəd zastavaları üzərində artıq Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

Qeyd edək ki, Azərbaycan-İran dövlət sərhədinin 132 km hissəsinin işğaldan azad edilməsi dövlət sərhədinin tam bərpası baxımından önəmli hadisədir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın