16:33 18 Yanvar 2020 532
Ana səhifə Xəbərlər

İranlı qadın şahmat hakimi ölkəsinə qayıtmaqdan qorxur - SƏBƏB

Müsəlman geyim tərzini pozmaqda günahlandırılan iranlı şahmat hakimi vətəninə dönməkdən ehtiyat edir.

APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, hazırda Şore Bayat Vladivostok şəhərində Rusiya və Çin komandaları arasında dünya çempionluğu uğrunda keçirilən oyuna hakimlik edir.

Hakimin problemləri Şanxayda keçirilən çempionatın ilk hissəsindən sonra başlayıb. Çəkilən fotoların birində hicabın başından sürüşdüyü görünüb. Görüntü internetdə yayıldıqdan sonra Şore Bayat İran mediası və sosial şəbəkə istifadəçilərinin qınağına tuş gəlib. Təhdid və təhqirlərdən bezən qadın Rusiyadakı yarışlarda, ümumiyyətlə, müsəlman geyim qaydalarına riayət etməyib: Əvvəlcə mən hicabda idim, lakin kameranın rakursu elə idi. Bəzi şəkillərdə görünmür. Bunu videoda daha yaxşı izləmək mümkündür. Lakin mən başa düşdüm ki, bu yetərli deyil və mən artıq iranlılar tərəfindən mühakimə olunuram. Onlar mənim bu barədə nəsə yazmağımı və özümü təmizə çıxarmağımı istəyirlər. Və mən hicabın müdafiəsinə qalxa bilmədim. Hər şey artıq kontroldan çıxmışdı. Bu səbəbdən, ümumiyyətlə, hicab taxmaqdan imtina etdim. Bu onsuz da heç nəyi dəyişməyəcəkdi”.

İranda hicaba etiraz edən hakimi ictimai qınaq, cərimə və həbs cəzası gözləyə bilər. Bayat kömək üçün İran İdman Nazirliyinə müraciət etsə də, məktubuna baxılmayıb. Şore Bayat xaricdə siyasi sığınacaq almaq üçün müraciət etməyi düşünsə də, hələlik ümidini itirmir: “Dünyanın dörd bir tərəfindən təkliflər alıram. Amma mən İrana qayıtmaq istərdim. Bu, mənim əsas prioritetimdir və ümid edirəm ki, vətənimdə mənim təhlükəsizliyim qorunacaq. Əks təqdirdə müxtəlif variantları nəzərdən keçirməli olacağam. Hazırda isə diqqətimi turnirə yönəltmək istəyirəm”.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) hadisənin hakimin peşə fəaliyyəti ilə əlaqəli olmadığına və təşkilatın qaydalarında hər hansı geyim kodeksinə riayət edilməsi prinsipi olmadığına görə heç bir açıqlama verməyib. FİDE hadisəni izlədiklərini və Şore Bayatın qüsursuz nüfuza sahib ən yüksək səviyyəli professional hakim olduğunu bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın