17:44 24 Sentyabr 2020 193
Ana səhifə Xəbərlər

İqtisadiyyat naziri “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqları ilə tanış olub

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqları ilə tanış olub

APA TV-nin yerli bürosunun məlumatına görə, əvvəlcə “Daşkəsən” dəmir filizi yatağına və filizsaflaşdırma sahəsinə baxış keçirilib. “AzerGold” QSC İdarə Heyətinin sədri Zakir İbrahimov yatağın yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması çərçivəsində aparılacaq geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işləri barədə ətraflı məlumat verib. Qeyd edilib ki, geoloji kəşfiyyat işlərinin yekunu olaraq yatağın geoloji modelləri tərtib edilərək, mövcud resurs və ehtiyatları beynəlxalq JORC standartlarına uyğun yenidən qiymətləndiriləcək. Proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın isə ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur.

İqtisadiyyat naziri Mikayıl Cabbarov yatağın yenidən istismarının ölkənin qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın qeyri-neft sektorundakı mövqeyinin güclənməsinə səbəb olacağını bildirib.

Sonra sahədə yerləşən filizsaflaşdırma kombinatına baxış keçirilib. Nazir uzun müddətdir ki, istifadəsiz qalan müəssisənin mövcud vəziyyəti ilə tanış olub, görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini çatdırıb.

İqtisadiyyat naziri səfər zamanı kombinatın əməkdaşları ilə də görüşüb. Görüş zamanı müəssisənin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri “AzerGold” QSC-nin "Çovdar" filiz emalı sahəsində də olub. Yatağın istismarı nəticəsində əldə edilmiş iqtisadi göstəricilər barədə nazirə məlumat verilib.

Qeyd olunub ki, fəaliyyətdə olduğu 4 il ərzində “Çovdar” mədənindən hasil edilmiş 202 min unsiyadan çox qızıl, 350 min unsiyadan artıq gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 493 milyon manata yaxın vəsait cəlb olunub. Bu vəsaitin 36,7 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib.

Sonra “Çovdar” filiz emalı sahəsində istehsalat zəncirinin bütün mərhələlərini özündə əks etdirən təqdimat nümayiş etdirilib, “AzerGold” QSC tərəfindən yaxın perspektivdə istismarı nəzərdə tutulan yataqlar barədə məlumat verilib.

İqtisadiyyat naziri həmçinin, mədən ərazisində süxurların partladılması, metal tökümü və xəlitələrin hazırlanması prosesi ilə əyani tanış olub.

Sonda “Çovdar” yatağının yaxınlığında yerləşən və hazırda istismarına hazırlıq görülən “Ağyoxuş” qızıl yatağı ümumi baxış nöqtəsindən müşahidə olunub, bu istiqamətdə aparılan işlər müzakirə edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın