19:11 11 Avqust 2020 364
Ana səhifə Xəbərlər

İnam Kərimov: “Suya qənaət etmək üçün müasir suvarma texnologiyalarından istifadə vacibdir”

“Kənd təsərrüfatı sahələrinin inkişafında su resurslarından səmərəli istifadə olunması qarşıda duran əsas vəzifələrdən biridir”.

APA TV-nin yerli bürosunun məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə, Tərtər, Füzuliyə səfəri zamanı deyib.

Nazir Bərdəyə səfəri çərçivəsində həmçinin Ərəblər kəndində fermer Nicat Məmmədovun pambıq sahəsi ilə tanış olub, fermerlərlə məhsuldarlıqla bağlı fikir mübadiləsi aparıb.

Bundan başqa, İnam Kərimov aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün ilk dəfə olaraq fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi, toxumçu İkram Ziyadovla da görüşüb.

Nazir bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd nümunəvi fermerlərin müəyyən edilməsi, fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. “Ayın fermeri” adına layiq görülən İkram Ziyadov xüsusi diplomla təltif olunub.

Qeyd edək ki, İkram Ziyadov düzgün aqrotexniki qulluq nəticəsində taxıl sahəsindən buğda üzrə orta hesabla 54 sentner, arpa üzrə 45 sentner məhsul əldə edib: “Torpağı sevmək, əməyi sevmək, halallıq, qayğıkeşlik lazımdır. Dövlət də bizə qiyməti verir. Dövlət araşdırır, tək mən deyiləm hər bir sahədə çalışana qiymət verir. Orden, medal, hər hansı bir yolla bizim nailiyyətimiz qiymətləndirilir. Allah eləsin nöqsansız işləyək. Bütün fermerləri yaxşı işləməyə, çalışmağa dəvət edirəm. Bizim işimiz həm də strateji məhsuldur. “Çörək bol olsa basılmaz vətən” söhbəti də var. Biz həmdə çörəyin toxum hissəsiyik. Çox vacib bir sahədə çalışırıq. Biz deyərdik ki, ordumuz kimi bizdə əsgərik”

Nazir daha sonra, Ərəblər kəndində fermer İldırım Məlikovun intensiv gilas bağı, Zümürxan kəndində isə fermer Etibar Cümşüdovun təkrar əkilən qarğıdalı sahəsi ilə tanış olub.

Azərbaycanda bu il havaların quraq keçdiyini deyən nazir su ehtiyatlarından səmərəli istifadə etmək üçün qarşıya konkret və ciddi vəzifələr qoyulduğunu qeyd edib: “Qlobal istiləşmə bütün dövlətlərdə əsas problem olaraq qalır. Buna görə də su resurslarından səmərəli istifadə olunması qarşıda duran əsas vəzifələrdən biridir. Cənab Prezidentin rəhbərliyi ilə bu mövzuda keçirilən müşavirədə də dəfələrlə qeyd olundu ki, su ehtiyatlarından səmərəli istifadə etmək üçün müasir suvarma texnologiyalarından istifadə vacibdir. Hazırda Azərbaycanda suvarma prosesində innovasiyaların tətbiqi genişlənib. Bunlardan ən geniş yayılanı damla suvarma sistemləridir. Hazırda yüzlərlə təsərrüfatlarda damla suvarma sistemlərindən istifadə olunur. Bu üsul həm su ehtiyatlarından səmərəli istifadəyə imkan verir, həm də məhsuldarlığı artırır. Dövlət bu səbəbdən suvarma sistemlərini 40 faiz güzəşt tətbiq edilən kənd təsərrüfatı avadanlıqları siyahısına daxil edib. Fermerlərimizi dövlətin yaratdığı imkanlardan istifadə etməyə, təsərrüfatlarında müasir suvarma sistemləri quraşdırmağa çağırırıq”.

Daha sonra Tərtər rayonuna gedən nazir burada təcrübə sınaq məntəqəsinin ərazisində yunan texnologiyası əsasında əkilmiş pambıq sahəsinə baş çəkib, Tərtər təcrübə sınaq məntəqəsinin inzibati bina və anbarların tikintisinin gedişi ilə maraqlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın