17:20 10 Oktyabr 2019 83
Ana səhifə Xəbərlər

İlk dəfə işıq, televizor görən sakinlər - O KƏNDDƏN REPORTAJ

25 ildən sonra gözlərinə işıq gəldi. Söhbət bir nəfərdən yox, bir kəndin camaatından gedir.


APA TV-nin cənub bürosunun məlumatına görə, Astaranın yüksək dağlıq ərazidə yerləşən Sekaşan kəndinin sakinləri sonuncu dəfə işığı 20-ci əsrdə görüb.

Və artıq 21-ci əsrdir. İndi təsəvvür edin, bu kənddə elə adam var ki, hələ elektrik enerjisinin nə demək olduğunu bilmir. 6 ailənin yaşadığı kənddə işıq sonuncu dəfə 1994-cü ildə sönüb.

Sekaşan düz 25 ildən sonra nəhayət işıqlığa çıxdı. Bu müddət ərzində işığa yadırğayanların gözü əməlli-başlı qamaşıb. Bu onların gözlərindəki parıltıdan hiss olunurdu. Evdə bir küncdə qalan televizorun həm də göstərdiyinə baxıb, gözlərinə inanmayanlar da var: “Bir kənd sakini kimi razılıq edirik və minnətdarıq. Bu sevinci bizə bəxş etdilər. Şükürlər olsun Allaha, işıq çəkiləndən sonra biz televizora baxıb, dünya xəbərlərini izləyirik. Bu məlumatlardan biz çox məhrum idik”.

Bundan sonra ağızları da dada gələcək bu insanların. Sərin su, ayran, meyvə şirələri də içə biləcəklər: “İşıq olmadığına görə soyuducudan istifadə edə bilmirdik, ərzaqlarımız xarab olurdu. Azərbaycanın cənub bölgəsi - Astara sitrus bitkiləri ilə məşhurdur. Naringi, feyxoa, limon susuz qala bilmir, su mühərriki də işıqla işləyir. Mal-qaranı tövləyə yerləşdirəndə böyük çətinliklə üz-üzə qalırdıq”.

Kəndə elektrik enerjisinin verilişinin bərpasına avqustun əvvəllərində başlanıb. Meşəlikdə, çaylar, qayalıqlar arasında - bir sözlə, ən çətin relyefdə yerləşən kənddə texnikadan istifadəni ağlınıza belə gətirməyin. Bütün iş əl əməyi ilə aparılıb. Bu barədə “Azərişıq“ASC-nin mətbuat xidmətinin rəhbəri məlumat verib:

“Möhtərəm prezidentimiz Astara rayonunun 3 kəndinə 1milyon 500 min manat vəsait ayırıb və 6 ay ərzində "Azərişıq" tərəfindən həmin sərəncamın icrasına başlanıb. Sekaşan kəndinə 2,3 km uzunluğunda 10 kilovoltluq elektrik verilişi xətti çəkilib və 1 km-ə yaxın özünü daşıyan 0,4 kilovoltluq şəbəkə var. 60-70-dən artıq ağac dayaq dəmir-beton dayaqlarla əvəz edilib. Yeni kompleks transformator məntəqəsi quraşdırılıb və tam fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təchizat təmin olacaq”.

Astara rayonunda illərdir zülmətdə qalan daha iki kənd var. Bu yaxınlarda Doli və Diqo kəndlərinə də elektrik enerjisinin verilməsi bərpa ediləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın