16:40 28 Fevral 2020 195
Ana səhifə Xəbərlər

İKZF: Vətəndaşlara 530 kirayə mənzil təklif edilir

“Elektron ipoteka və kredit zəmanət sistemi”nin kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır.

APA TV-nin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova deyib.

O bildirib ki, elektron kabinetləri və müraciəti formalaşdırmaq mərhələli şəkildə həyata keçiriləcək: “İlkin mərhələdə vətəndaşlar gücləndirilmiş elektron imzadan istifadə etməklə, “Elektron hökumət” portalı üzərindən “Elektron İpoteka və Kredit Zəmanət” sistemi vasitəsilə elektron kabinet yaradır və elektron müraciətini formalaşdırır. Daha sonra isə elektron kabinetə malik olan və müraciətini formalaşdıran vətəndaşların elektron kabinetində müraciətlərin qəbuluna başlanması vaxtı barədə bildiriş yerləşdirilir və əlavə olaraq SMS vasitəsilə məlumat verilir”.

Bu günə qədər artıq 2000-ə qədər vətəndaş müraciəti qeydə alınıb. Yeganə Ramazanova bu dəfə təklif olunan kirayə mənzillərin sayının da artırıldığını diqqətə çatdırıb: “Bundan əvvəl ilkin mərhələdə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 331 mənzilin kirayə olaraq təklif olunduğu açıqlanmışdı. Bu gün isə artıq Fond 530 mənzili vətəndaşlara kirayə olaraq təklif edir. Fondun vətəndaşlara təklif etdiyi mənzillər Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşir. Bakı şəhərində minimal qiymət 411, Xırdalanda 333, Sumqayıtda isə 297 manatdan başlayır”.

Qeyd edək ki, vətəndaşlar İpoteka və Kredit Zəmanət Fondunun saytında yerləşən təlimat videosunu izləyərək “İpoteka və Kirayə mənzil” elektron sistemindən istifadə edə bilərlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın