16:17 08 Aprel 2021 79
Ana səhifə Xəbərlər

İƏT azad edilmiş ərazilərdə məscid və məktəblərin bərpasına dəstək verəcək

“Azərbaycanın torpaqlarını işğaldan azad etmək hüququ vardı. Bundan sonra da Azərbaycana öz dəstəyimizi ifadə edəcəyik. Bu, tək Azərbaycanın İƏT üzvü olması deyil, Azərbaycanın mövqeyinin ədalətli olması ilə bağlı idi”.

APA TV-nin xəbərinə görə, bunu İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo bildirib.

Onun sözlərinə görə, torpaqların işğaldan azad edilməsi hissini Azərbaycan xalqı ilə paylaşmaqdan çox məmnundurlar: “Biz səfər etdiyimiz ərazilərdə Ermənistan silahlı qüvvələrinin binalara, məscidlərə qarşı vandallıqlarını, kəndlərin yer üzündən silinməsinin şahidi olduq. Bu, kədərli təəssürat yaradır. Məscidlərdə donuzların, inəklərin saxlanılmasının izlərini, qəbiristanlıqların dağıdıldığını gördük. İşğalçılar tək canlı insanlara deyil, vəfat etmiş insanlara qarşı da vandallıq törədib. Bu, qeyri-insani davranışın təzahürüdür”.

İƏT Baş katibinin köməkçisi qeyd edib ki, Azərbaycan dövlətinin bu torpaqlarda bərpa işləri həyata keçirəcəyinə və məcburi köçkünlərin torpaqlarına qayıdacaqlarına əmindirlər: “Münaqişə başa çatıb, amma sülh və bərpa prosesi kifayət qədər vaxt aparan bir prosesdir. İqtisadi məsələlərlə bərabər, bu insanlar psixoloji əziyyət də çəkib. İƏT bu məsələlərdə Azərbaycana dəstəyini davam etdirəcək. Üzv ölkələri dəstək verməyə çağırırıq. Böyük sayda insanın qayıdışı üçün işlərin görülməsi, onların psixoloji sarsıntılardan qurtulması üçün dəstək lazımdır. İƏT ölkələrini bərpa prosesində Azərbaycanın yanında olmağa çağırır, növbəti mərhələdə – yenidənqurma prosesində İƏT ölkələrinin Azərbaycana dəstək göstərəcəklərinə inanırıq”.

Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama isə bildirib ki, 44 günlük müharibədən sonra bölgəyə ilk dəfə səfər etmək imkanı əldə ediblər. Ağdamın tamamilə dağılmış vəziyyətdə olduğunu və əvvəllər mövcud olan şəhərin yer üzündən silinməsinin şahidi olublar: “Səfər çərçivəsində Gəncə şəhərində olduq. Gəncəyə endirilən raket zərbələri nəticəsində törədilən dağıntıları öz gözümüzlə gördük. Səfərdə məqsəd İƏT çərçivəsində qəbul olunan qətnamələrin icrası və Azərbaycan hökumətinin bundan sonra atacağı addımlarla bağlı müzakirələr aparmaq idi. Bundan sonra işğaldan azad edilmiş torpaqlara qayıdışın mümkün olması üçün İƏT çərçivəsində müəyyən proqramların icrası məscidlərin, məktəblərin tikintisini təmin edilə bilər”.

“İslam dünyasının hər zaman Azərbaycanın yanında yer aldığını deyən Türkiyənin İƏT-dəki daimi nümayəndəsi Mehmet Metin Eker isə qeyd edib ki, Qərb dünyasında fərqli mövqelər ortaya qoyulsa da, İƏT Azərbaycana birmənalı dəstək verib: “Ağdamda bir bina salamat qalmayıb. Bizə bələdçilik edən şəxs bütün binaları tək-tək tanıyırdı. Bütün dağılmış binalar barədə tək-tək məlumat verdi, gözləri dolurdu. Erməni işğalçılarının həm də mədəniyyət düşməni olduğu ortadadır. İndi bir zəfərlə Qarabağ torpaqları işğaldan azad edilib, azərbaycanlı qardaşlarımızın gözlərindəki ümid və işartını görmək məni çox duyğulandırır. İşğaldan qurtulan həm də bir İslam torpağıdır, İslam mədəniyyətinin yaşandığı torpaqlarıdır. Qarabağın işğaldan azad edilməsi İslam torpağının azad edilməsidir. Bunun İslam dünyasının digər yerlərindəki zülmlərin sona çatmasına da bir vəsilə olması üçün dua edirik”.

Mehmet Metin Eker onu da qeyd edib ki, Ermənistana beynəlxalq təzyiqlər artırılaraq, minalanmış ərazilərin xəritəsinin verilməsinə nail oluna bilər.

Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx isə bu Zəfəri Azərbaycanın nailiyyətlərinin təzahürü adlandırıb: “Pakistan sülhün dayanıqlı olması üçün İƏT-in keçirə biləcəyi tədbirləri müzakirə edəcək. Pakistanda bir araya gələcək xarici işlər nazirləri səylərin səfərbər olması üçün konkret tədbirlər planı üzərində işləməlidir. Bu, bölgədə sülhün dayanıqlı olmasına yönəlməlidir. Bundan əlavə, tədbirlər planı bizə digər islam ölkələrindəki problemlərin də sülh yolu həllinə ümid yaradacaq. Azərbaycanın nailiyyəti bu ölkələrdəki insanlara da böyük ümidlər verir”.

Daha sonra Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan Bin Yusof, Əfqanıstanın İƏT-dəki daimi nümayəndəsi Şafiq Samim, Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsinin müavini Əbubəkr Cəh də Ermənistanın işğaldan azad edilən ərazilərdə törətdiyi dağıntılardan danışaraq bildiriblər ki, Azərbaycanın zəfəri digər müsəlman ölkələrində də problemlərin həllinə təkan verə bilər.

İlahə Vəliyeva,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın