07:20 04 Oktyabr 2019 46
Ana səhifə Xəbərlər

İcbari tibbi sığorta, məcburi ödəniş: artıb-azalan nə olacaq?

“Əgər icbarı tibbi sığortam olmasaydı, qızım, mənim səhhətim necə olacaqdı, deyə bilmirəm. Böyük dəstək oldu, sağlamlığıma qovuşdum və bütün tibbi personala minnətdaram”.

Xurşud xanım sığortalı pasiyentdir. Özünün də dediyi kimi, əgər icbari tibbi sığortası olmasaydı, yəqin ki, səhhəti ilə bağlı yaşadığı problem daha da dərinləşəcəkdi. Biz də icbari tibbi sığortanın tətbiqinin faydalarından, bu sistemin tətbiqinin hansı dəyişikliklərə səbəb olacağından danışacağıq. Ümumiyyətlə, icbari tibbi sığorta gözləntilərimizi doğruldacaqmı?

Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, icbari tibbi sığortanın tam tətbiqindən sonra hər bir insan biləcək ki, əgər onun başına bir iş gələrsə, pul axtarmayacaq, qohum-əqrəba axtarmayacaq, ondan-bundan borc xahiş etməyəcək: “O, lazım olan müalicə və müayinələrini pulsuz olaraq yüksək təcrübəli həkimlərin nəzarətində həyata keçirəcək”.

Professor, kardioloq cərrah Kamran Musayev deyir ki, Mərkəzi Klinik Xəstəxana İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə memorandum imzalayıb: “İcbari tibbi sığortalı xəstələrimizin böyük bir kütləsi Gəncə şəhərimizdəki filialımızda müalicə olunur. Bakıda isə daha ağır xəstələrimizə bu xidməti göstərməyə çalışırıq. Biz burda açıq ürək əməliyyatlarını, uşaqlarda rast gəlinən çox böyük anadangəlmə ürək qüsurlarını əməliyyat edirik. Bir azərbaycanlı həkim kimi mənim üçün çox sevindiricidir ki, bir il yarımdan çoxdur sığortalı xəstələri insanları əməliyyat edə bilirəm və daha əvvəllər əməliyyat olunmayan bu insanlar bu imkandan faydalanır”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Vüqar Qurbanov bildirib ki, Agentliyin əsas hədəflərindən biri bu xidmətləri əhali üçün əlçatan etməkdir: “İkincisi, sığorta haqqı ödənmiş və sığortalı hesab olunan əhalinin əldə edəcəyi tibbi xidmətləri daha keyfiyyətli şəkildə tətbiq etməkdən ibarətdir. İcbari Tibbi Sığorta Agentliyi bu mövzuda çox işlər görür. 2019-cu ilin sonuna qədər həm qanunvericilik tərəfdən, həm də texniki baxımdan bu işlər yekunlaşmalıdır ki, 2020-ci ildən icbari tibbi sığortanın tətbiqinə başlanılsın”.

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu gün insanlarımız üçün ən vacib məsələlərdən biri böyrək və qaraciyər köçürülməsi, orqan transplantasiyası bu paketə daxil olacaq: “Bunun içərisinə koxlear implantasiya da daxil olmaqla bu gün Azərbaycanda icra olunan əməliyyatlar daxil olacaq. Bu məsələdə ən vacib şərtlərdən biri odur ki, bu vəsaitin böyük bir hissəsi tibbi sığorta qurumunun üzərinə düşəcək, kiçik bir hissəsi vətəndaşın üzərinə düşəcək. Onkoloji xəstəliklər də bu siyahıya daxildir”.

Professor, kardioloq cərrah Kamran Musayev İcbari Sığorta üzrə Dövlət Agentliyinin bu məsələyə çox professional yanaşdığını söyləyib: “Sizin də dediyiniz kimi, bahalı əməliyyatların əksəriyyəti tibbi sığortada əks olunur. İcbari Sığorta üzrə Dövlət Agentliyinin açıqladığı nəticələrə baxdığımız zaman bu özünü doğruldur. Göstərilən xidmət və ödəniş arasında bir balans mövcuddur. Düşünürəm ki, 2020-ci ildən başlayaraq İcbari Sığorta üzrə Dövlət Agentliyi eyni prinsiplərlə çalışmağa davam edəcəksə, bu sahədə ciddi problem yaşanacağını düşünmürəm”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Vüqar Qurbanov xidmətlər zərfində əsas seçim meyarının daha çox nəyə əsaslandığını açıqlayıb: “Ölüm riski olan xəstəliklər təminat altına alınıb, əlillik riski olan xəstəliklər təminata alınıb. Bunlar əsasən oynaqdaxili endoprotez əməliyyatları, anadangəlmə kar, eşitmə qüsurlu uşaqların əməliyyatları da tibbi sığorta paketinə daxil edilib. Onkoloji xəstəliklər necə? Bildiyiniz kimi, Azərbaycan Respublikasında bir sıra dövlət proqramları var. Onkoloji xəstələr, şəkərli diabet xəstələri, irsi qan xəstəlikləri olanlar dövlət tərəfindən tam təminata alınıb. Bu proqramlar bitənə qədər sığorta təminatı düşünülmür” .

Tibbi sığorta özü ilə nəyi gətirəcək? Millət vəkili Qənirə Paşayeva bu suala belə cavab verib: “Tibbi sığorta bu gün səhiyyə sahəsində olmayan, amma ən vacib məsələni özü ilə gətirir - klinik protokollar məsələsini. Bu gün bizim xəstəxanalarımızda klinik protokollar yoxdur. Bilirsinizmi bu nədir? Siz hansısa bir xəstəliklə bağlı müraciət edəcəksiniz, həmin protokolda müalicənin hansı qaydada getdiyi göstəriləcək. Yəni əlavə dərmanlar yazılması və müayinələrin qarşısı alınacaq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Vüqar Qurbanovun sözlərinə görə, tibbi müəssisə xidmətini yüksək səviyyədə təqdim etməlidir ki, əhali bu xidmətdən məmnun olsun: “Söhbət özəl və “TƏBİB”in tərkinə daxil olan dövlət tibb müəssisəndən gedirsə, sığortalanan şəxs həmin tibb müəssisəsinə daxil olduqda, tibb xidməti almaq üçün digər bir yerə yönləndirilməsin. Bir tibb müəssisəsi kifayət qədər geniş xidmət təqdim etsin ki, sığorta olunan şəxsə əlavə vaxt itkisi, əlavə əziyyət düşməsin”.

İşləyən əhali üçün təyin olunan sığorta haqqı işəgötürən və işçi nisbətində hər birinə 2 faiz şamil olunur. Əhali arasında elə qrup var ki, onların sığortası dövlət tərəfindən təmin ediləcək. Belə ki, 18 yaşına çatmamış Azərbaycan vətəndaşları, təqaüdçülər, əlillərimiz, hamilə qadınlardır ki, bu qrup əhali icbari dövlət tibbi sığorta haqqından azaddır. Onların haqqı dövlət tərəfindən ödəniləcək. İşləməyən əhali isə 120 manat həcmində hissələrlə və yaxud da birdəfəlik olmaq şərti ilə icbari tibbi agentliyə ödəniş etməklə sığortalı hesab olunacaq.

Sevinc Vaqifqızı

Musa Qulammirzəyev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın