12:01 28 Noyabr 2020 1004
Ana səhifə Xəbərlər

Hüquqşünas və general olmaq istədi, sonda şəhid oldu - REPORTAJ

Xüsusi təyinatlı hərbçi Ramiz Ağayev Murov istiqamətində gedən döyüşlərdə iştirak edib. Murovdağ zirvəsinin düşməndən azad edilməsində xüsusi şücaətlər göstərib. Daha sonra Fizuli istiqamətində gedən döyüşlərə qatılan cəsur döyüşçü burada da sözün əsl mənasında qəhrəmanlıq nümayiş etdirib. Xeyli sayda düşmən hərbçisini məhv edib, özü isə çiyin və boğaz nahiyələrindən 3 güllə yarası alıb. Yaralı vəziyyətdə bir müddət döyüşüb. Yarası ağır olduğundan, hərbi hospitala yerləşdirilib. Atası İmamverdi Ağayev deyir ki, lakin çiynində olan mərmi çıxarılmadan təkrar döyüşlərə qatılıb: “Xidmətdə olan vaxt yanına gedirdik. Heç zaman xoşlamazdı. Deyirdi, niyə gəlirsiz, niyə narahat olursunuz? Burdayam da, xidmət edirəm”.

Ramiz Bakının Biləcəri qəsəbəsindəki 301 saylı orta məktəbdə təhsil alıb. Hüquqşünas olmaq istəsə də, qəbul imtahanlarında yüksək bal toplaya bilməyib. Öz istəyi ilə hərbi xidmətə yollanıb. Elə hərbi xidmətinin ilk aylarından valideynlərinə orduda qalmaq istəyini, bu işə böyük sevgisinin yarandığını bildirib: “Mən də onun hərbidə olmasına heç nə deməmişəm. Elə valideyn var ki, istəmir. Ağır yükdür. Bunu hər adam bacarmır”.

Bəlkə də valideynləri ağıllarına gətirməzdi ki, bir vaxtlar səhərlər yuxudan oyanmağa çətinlik çəkən Ramiz bütün ömrünü çətin, lakin şərəfli yol olan hərbiyə bağlayar. Xidmət dövrünün 7 ilini paytaxtdakı hərbi hissələrdən birində keçirir. Daha sonra təlimlər üçün rayonlardan birinə göndərilir. Qardaşı Ramil Ağayev deyir ki, 2020-ci sentyabrın sonundan isə Ramiz xüsusi təyinatlı olaraq döyüşlərin öndə gedənlərindən olur: “Qardaşım 3 döyüşdə iştirak edib. Əhəmiyyətli döyüşlərdə olub. Murov döyüşündə iştirak edib. Fizuli döyüşlərində iştirak edib. Daha sonra Fizulidə yaralanıb, Şirvan Xəstəxanasına gəlib. 3 güllə yarası almışdı. 2-sini çiynindən, 1-ni boğazından. Sonra qardaşım yaralı ola-ola getmək istəyib. Amma maşında yer olmayıb. Allah da istəyib getməsin. Sonra isə yəqin ki, Allah da gördü ki, bu adam döyüşmək, şəhid olmaq istəyir”.

Bütün təkidlərə baxmayaraq, Ramiz dostlarının və şəhid yoldaşlarının qisasını almaq, ən əsası isə işğal altında olan torpaqlarımızı azad etmək üçün təkrar döyüşlərə qatılır: “Çıxıb gedib. Bizə də xəbər eləməyib ki, mən artıq getmişəm. Biz sonradan bilmişik ki, o, həmin döyüşlərdə iştirak edib. Şuşanı alıblar. Ancaq bu döyüş gedə-gedə şəhid olmayıb. Şuşanı işğaldan azad ediblər. Nəzarəti öz üzərlərinə götürüblər. Bu, həmin vaxt şəhid olub”.

Atası İmamverdi Ağayev belə övladlarımızla fəxr etdiyini deyir: “Yolda idim, gördüm qonşu gəlir. Dedi, axşamdan bəri özümü ələ ala bilmirəm. Amma bu xəbəri də sənə verə bilmirəm. Dedim, nə olub? Dedi oğlun şəhid olub. Dedim, ola bilməz. Dedi, yox, oğlun şəhiddir... Fəxr edirəm ki, Azərbaycan torpaqlarının belə övladları var”.

Anası Məlahət sonuncu görüşlərini belə xatırlayır: “Ad günüm vaxtı gələ bilmədi. İki-üç gün həmin vaxt gələ bilmədi. Sonra zəng elədi ki, bəs hazırlaşın, gəlirəm restorana gedək. Mən də dedim, yaxşı, hazırlaşacam. Bundan əvvəl də neçə dəfə demişdi, getməmişdim. Amma bu dəfə hiss etmişdim ki, nəsə olacaq. Getdik restorana, orada ona zəng gəldi ki, toplanışdır, gəl. Həmin axşam evdə qalacaqdı, amma qala bilmədi. Gətirib bizi qoydu, özü də getdi”.

Ramiz sonuncu dəfə evdən elə həmin axşam çıxır. İmamverdi Ağayev deyir ki, oğlu bu toplanışın sıradan bir toplanış olmadığını bildiyi halda ailə üzvlərinə heç nə demir: “Bir dəfə dedi ki, mən general olacam. Dedim, axı sən oxumamısan, necə ola bilər? Dedi, yox, olacam”.

Arzusu general olmaq olan xüsusi təyinatlı çavuş, şəhid Ramiz Ağayev general Polad Haşımovun dəfn olunduğu 2-ci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!

Xələf Xələfov

Üzeyir Ağayev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın