00:40 24 Fevral 2020 147
Ana səhifə Xəbərlər

Hər daşında tarix yatan Qala kəndi – REPORTAJ

Tarixin dərinliklərindən, torpaq altından üzə çıxan qədim yaşayış məskənləri bu gün bizlərə xalqımızın geridə qalmış min bir sirrini, əsil tarixini açıb göstərir.

APA TV xəbər verir ki, Abşeronun qədim yaşayış yerlərindən olan Qala kəndinə ayaq basanda insanda qəribə hiss yaranır. Müasir, modern Azərbaycandan birdən-birə əsrlər öncəyə - orta əsr insanının yaşadığı zamana gedib çıxırsan. Bir tərəfdə öz əzəməti ilə seçilən qədim qala qəsri və onun əhatəsində olan tarixi tikililər, bir yandan uçub dağılmış hamamlar, məscidlər, digər tərəfdə də yaşı əsirlər öncəyə dayanan qədim qəbiristanlıq. Bir sözlə kəndin hər küçəsində, hər daşında tarix yatır.

Qala kəndi Abşeron yarımadasının şimal-şərqində, Bakının Xəzər rayonunda yerləşən qədim yaşayış məskənlərindəndir. Tarixi e. ə. III minilliyə söykənən bu kəndin adı bəzi mənbələrdə “Qala”, “Qələ” kimi təqdim edilir.

Qala kəndində ən qədim yaşayış məskəni tunc dövrünə aiddir. İlk tapıntılar kəndin cənub hissəsində əldə edilib. Burada müxtəlif daş tikili qalıqları, saxsı qırıntıları və üzərində rəsmlər olan daşlarla zəngin qədim yaşayış məskəni aşkar edilib. Ümumiyyətlə Qala kəndində və ona bitişik olan ərazidə 215 memarlıq və arxeoloji abidə var ki, bunlardan ən məşhuru Qala qəsridir.

Qala qəsri Hacı Ramazan məhəlləsində yerləşir. Tarixi XIV əsrə söykənən qala, kəndin ən hündür ərazisində inşa edilib. Qala dördbucaqlı şəklində olub hündür divarlarla əhatələnib. Kəndin hündür yerində tikilməsi qalanın müdafiə və gözətçi məntəqəsi kimi istifadə edildiyini göstərir. Qülləsi sovet dövründə dağıdılan qala bir müddət məscid kimi istifadə olunub. Burada ilk təmir bərpa işləri XVIII əsrdə aparılıb. Qala qəsri 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən tam bərpa olunub. Qalanın giriş hissəsi tağvaridir.

Tarix elmləri doktoru Vəfa Quliyeva deyir ki, bu qalalar müdafiə funksiyası daşıyıb: “Təhlükə zamanı qalalardan bir-birinə xəbər ötürülürdü. Bu xəbər əslində işarələr vasitəsi ilə aparılırdı. Gecələr qalanın başında alov yandırırdılar, gündüzlər isə tüstü. O zamanlar Abşeron düzənlik olduğundan qalaların başından bir birini seçmək daha asan idi”.

Qala qəsrində yeraltı hissədə qədim dövrdə qayaaltı yaşayış yerləri, tunel və gizli yollar da olub. Bu yollardan həm qalaya gizli şəkildə girib çıxmaq, eyni zamanda qalanın mühasirəsi zamanı bura ərzaq gətirilməsini təmin etmək üçün istifadə olunub.

Qəsrin altında aşkar edilən evlər, qəbirlər, digər tikili və əşyalar olduğu kimi bərpa edilərək Qala kompleksinin tərkib hissəsinə çevrilib. Qəsrdə aşkarlanan yeraltı yollar X-XIV əsrlərə aid edilir. Deyilənə görə, qədimdə bu tunelin biri dəniz sahilinə qədər, ikincisi isə, kənd ərazisində yerləşən çölə çıxırmış. O zamanlar bu tunellərdən hərbi yollar kimi istifadə edilirmiş. Qalanın bu iki tunelində təhlükə zamanı 1500-ə yaxın insan gizlənirmiş.

Yeraltı yollardan keçərkən bir sıra təəssüf doğuran məqamlardan biri buranı ziyarət edən ziyarətçilərin yeraltı yollara plastik tullantılar, su şüşələri və müxtəlif əşyalar atmasıdır.

Qala qəsrində diqqət çəkən abidələrdən biri də qala yalağlarıdır. Yalağ sözü çuxur mənası daşıdığından tarixçilər bu çuxurların tarixinin və mahiyyətinin bütpərəstliklə əlaqədar olduğu qənaətindədirlər: “Həmin bu qala yalağlarına biz Qərbi Avropada, Baltikyanı ölkələrdə, Sibirdə, Yaxın Şərqdə rast gəlirik. Bu abidələrində tarixi bütpərəstlik dövrünə gedib çatır. Qalada tapılan qala yalağlarından dini mərasimlərin keçirilməsi zamanı istifadə edilib. Azərbaycan əhalisinin əsasən maldarlıq və əkinçiliklə məşğul olması və onların heyvanları burda qurban kəsməsi belə deməyimizə əsas verir”.

Qəsrin içərisində müxtəlif eksponatlar qorunub saxlanılır. Bunlardan qədim qadın qolbaqları, nizə başlıqları, qədim pullar və müxtəlif saxsı qablar bura gələn ziyarətçilərə nümayiş olunur.

Bununla yanaşı buradakı qayaların üzərində əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunub. Tarixçilər hesab edir ki, bütün bunlar Qala ərazisində üzə çıxan tarixin yalnız bir hissəsidir. Bu torpaqlar altında hələ açılmayan nə qədər sirlər və tarix yatır.

İlahə Vəliyeva Əli Ələkbər APA TV.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın