08:40 17 Fevral 2020 1947
Ana səhifə Xəbərlər

Hacıqabulun Rəncbər kəndi susuz qalıb - REPORTAJ

Hacıqabulun Rəncbər kəndində bu gedişlə heç kim qalmayacaq. Buna səbəb isə susuzluq problemi olacaq.

APA TV-nin yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistralının 105-ci kilometrliyində, magistraldan 3 kilometr sağda düzən ərazidə yerləşən kənddə əsas məşğuliyyət əkinçilik və maldarlıqdır. Elə kəndin adı da burdan götürülüb.

Sakinlər deyir ki, kənddə 400 təsərrüfatda 4 min əhali yaşayır. Ümumi əkin üçün yararlı olan 2800 hektar pay torpağı var. Əlverişli coğrafi mövqedə olmasına baxmayaraq, Rəncbər kəndində suvarma suyu olmadığı üçün torpaqlar əkilmir. Buna görə də ailələr kənddə yaşamaqdan imtina edirlər.

Kənd sakini Əlibala Şirəliyevin sözlərinə görə, Rəncbərin məşğuliyyəti əkinçilik və heyvandarlıqdır: “Çətinliyimiz su problemidir. Nəvahi, Rəncbər, Qubalı Baloğlan kəndləri hamısı bu Pirsaat çayının üzərindədir. Bu çayın üzərində də su anbarı var. Şamaxıya yağış yağsa, bizə su gəlir, yağmasa, su gəlmir. Daimi su mənbəyimiz yoxdur. Ona görə də əkdiyimiz taxıllara su verə bilmirik. Bizim kənddə 2800 hektar pay torpağı var. Ondan cəmi bu il 191 hektar taxıl əkilib. O da bu günə qədər bir metri də sulanmayıb. Çıxış yolunu onda görürük ki, Pirsaat su anbarına su çəkilirdi, amma onu yarımçıq qalıb. Xahiş edirik ki, tezliklə tikintini bərpa etsinlər”.

Ələkbər Mənsimovun sözlərinə görə, Nəvahi massivində yerləşən əraziyə 3 il öncə Kür çayından suvarma kanalı çəkilməyə başlayıb. Amma işlər yarımçıq qalıb. Kanal vasitəsi ilə kəndə su gələrsə onların da problemi həll edilmiş olar: “Bu kənddə böyüyüb başa çatmış adamam. Kəndimiz tarixən əkinçilik və maldarlıqla məşğul olub. Biz də şəraitə uyğunlaşmışıq. Bura mənim ailə üzvlərimə düşən 6 hektar pay torpağımdır. 2 dəfə şumlanmış yerdir. Suyun olmaması səbəbindən mən bu torpağı əkib becərə bilmirəm. Xüsusilə də son zamanlar su qıtlığı daha çox kritik vəziyyət alıb. Keçən il əkdik, ziyanla çıxdıq. Hektara 5-7 sentner məhsuldarlıq oldu”.

Kərim Heydərov deyir ki, Rəncbərdə hətta 1941-1945-ci il müharibə illərində yüksək məhsuldarlıq olub, yaxın kəndləri və Bakını taxılla təmin edib: “Amma su olmadığı üçün kənddə demək olar ki, məşğulluq yoxdur. Balalarım, nəvələrim məndən iş istəyir. Hətta məşğulluq idarəsindən mal-heyvan da təklif edirlər. Saxlamağa imkan olmadığından heyvanlardan imtina edirlər. Çünki su yox, yem yoxdur”.

Ərazini suvarma suyu ilə təmin edən Hacıqabul Suvarma Sistemləri İdarəsində də kənddəki vəziyyətdən xəbərdardırlar. İdarənin şöbə rəisi Zakir Sadıqov deyir ki, kənd ərazisində quraqlıq olduğuna görə hətta sakinlər əkin sahələrini azaldıblar: “Dövlət nəzərə alaraq 2016-cı ildə mənbəyi Kür çayından olan nasos aqreqatları quraşdırmaqla həmin əraziləri su ilə təmin etmək üçün 2 pilləli su kanalı layihələndirilib. 2017-ci ildən isə işlərə başlanılıb. Kür çayından birinci kaskada qədər 7 km uzunluqda torpaq kanal çəkilmişdir. 2-ci kaskaddan əkin sahələrinə suvarmaq üçün 7 km boru kəməri tam hazırdır. Nasos stansiyalar qurulub. İşin 50 faizi görülüb. 50 faizinə vəsait ayrılmadığına görə işlər yarımçıq qalıb. İşlər baş çatarsa, Rəncbər və Nəvahi ərazisinin bir hissəsini suvarma suyu ilə təmin etmək olar”.

Qeyd edək ki, bu il kənddə 519 hektar payızlıq taxıl əkilib. Amma su tapılmadığından, əkin sahələri suvarılmayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın