13:20 09 Noyabr 2019 258
Ana səhifə Xəbərlər

Hacıqabulda 54 nəfər evində yaşamağa qorxur - SƏBƏB

Hacıqabulda 84 il əvvəl inşa olunan yaşayış binasının sakinləri həyəcan təbili çalır. Bina qəzalı vəziyyətdədir, onların həyatı isə təhlükə ilə üz-üzədir.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon mərkəzində - Əliağa Vahid küçəsi, 47 ünvanında yerləşən, 18 ailənin yaşadığı bina ötən əsrin 30-cu illərində tikilib, bu vaxta qədər heç vaxt təmir olunmayıb və artıq yaşayış üçün yararlı deyil. Sakinlər deyir ki, yağışlı və küləkli havada tavan, divarlar tökülür. Divar və eyvanlarında qalın çatlar əmələ gəlib, gecələr qorxa-qorxa yatırlar. Evini tərk edənlər var, kirayə ev tutub yaşayırlar, qohum evlərinə köçənlərin sayı da az deyil. Bütün bunlar azmış kimi binanın kanalizasiya sistemi də sıradan çıxıb. Bu halda ətrafdakı mənzərəni göz önünə gətirmək, qoxunu isə hiss etmək gərək ki, çətin olmasın: “Körpə və balaca uşaqlarla bu - qəzalı vəziyyətdə olan binada yaşayırıq. Balaca bir zəlzələ olsa, qalacağıq altında. Bizə bina versinlər. Tikilməyə vəsait çatmırsa, heç olmasa köhnə binalardan versinlər ki, bu körpə uşaqlar təhlükədən uzaqlaşsın. Külək əsən kimi qorxuruq yağış yağan kimi çıxıb çöldə otururuq. Qorxudan evdə otura bilmirik. 3-cü mərtəbədən üstümüzə yağış yağır. Tavandan qurd tökülür, yeməklərin içinə zibil tökülür, az qalır göyərçinlər evdə uça”.

“Biz də əlaqədar təşkilatlardan lazımı yerlərdən xahiş edirik bizə bir əncam çəksinlər. Bu binanın 1 əsr yaşı var. Bina - deyilənə görə, əvvəllər həbsxana olub. Əksəriyyət burda 30-40 ildir yaşayır. Baxan yoxdur, həmişə belə olub, uçub tökülür”.

“Yerli qurumlar bizdən ev pulu tələb edir. Biz bu uçuq binaya nə ev pulu verək? Kasıb adamlarıq, güclə dolanırıq. Təqaüdə, maaşa baxan adamlarıq. Yaxşı bina olsa, rahatlığı olsa, onda ev pulu verərik. Bu binaya baxıb özümüzə yazığımız gəlir ki, görün biz harda yaşayırıq?”

İcra hakimiyyəti başçısının yanına getmək istəmişik, bizi heç yanına buraxmayıb”.

“60 ilə yaxındı mən bu binada yaşayıram. Bura bir dəfə də olsun təmir olunmayıb. Uçulur tökülür. Gündüz yığılırıq o dükanın tininə, deyirik, heç olmasa canımızı götürək qaçaq, biz hökumətə tabeyik, belə şey olmaz, hökumət də bizə baxsın, tikilən evlərdən versin, ya köhnələrdən versin. 3-4 ildir şikayət edirik, heç olmasa bu müddətdə tikəydilər! Xəbər verirlər ki, sizə pul, torpaq ayrılıb, bəs niyə tikmirlər?! Nə səbəbə?”

Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Salman Zamanov binanın 1935-ci ildə tikildiyini, hazırda isə qəzalı, çox təhlükəli vəziyyətdə olduğunu təsdiqlədi: “Binanın vəziyyəti ilə əlaqədar 2010-cu ildən İcra Hakimiyyəti ilə əlaqədar qurumlar arasında yazışmalar gedir. Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət olunub, baş nazirə müraciət olunub. FHN mütəxəssisləri binaya yerində baxış keçirib. Binanın vəziyyəti barədə ətraflı akt tərtib edilib və binada yaşayış qeyri-mümkün hesab olunub. Binanın tikilməsi üçün İ.Qayıbov küçəsində müvafiq torpaq sahəsi ayrılıb. Binanın layihə-smeta sənədləri hazırlanıb. Ekspertizadan və qiymətqoymadan keçirilib. Yalnız vəsait ayrılmadığına görə, binanın tikintisi bu günə kimi baş tutmayıb. Sakinlərin binadan təxliyə olunması məsələsinə gəlincə, onlara fərdi qaydada bildiriş göndərilib. Qohumlarının evində və yaxud öz vəsaitləri hesabına haradasa kirayədə qalmaq imkanları varsa, orda məskunlaşmaları xahiş olunub”.

Yeni binanın layihə-smeta sənədləri hazırdır. Salman Zamanov bizə həmin sənədləri də göstərdi.


Mən onu sizə göstərə bilərəm.

Qeyd edək ki, FHN tərəfindən binanın layihə-smeta işləri yerinə yetirilib, tikintinin başlanması üçün bütün sənədlər hazırlanıb. Nazirlər Kabineti tərəfindən vəsaitin köçürülməsindən sonra binanın tikintisinə start veriləcək. Bina sakinləri isə təxliyə olunmalı, onlara başqa yerlərdə mənzil kirayələmək üçün imkanlar yaradılmalıdır.


Əlibəy Zeynallı, Elçin Həsənov APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın