19:20 28 Fevral 2020 162
Ana səhifə Xəbərlər

Günəş batareyalarından niyə az istifadə edirik?

Fevralın 27-də paytaxtda elektrik enerjisinin verilməsində yaranan fasilə Bakı Metropoliteninin fəaliyyətinə də təsirsiz ötüşmədi.

APA TV-nin məlumatına görə, belə ki, “Həzi Aslanov", "Əhmədli" və "Xalqlar Dostluğu" stansiyalarına ötürülən elektrik enerjisi dayanıqlığı olmadığına görə 3 stansiyada metronun fəaliyyətində qısa fasilə yarandı və sərnişinlər təxliyə olundu.

Bu da Bakı Metropoliteninin alternativ enerji təchizatında boşluqların olması anlamına gəlir. Lakin qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyir ki, alternativ enerji mənbələrinin, əsasən də külək və günəş enerjisinin metropolitendə istifadə olunması hazırda mümkün deyil: “Metropoliten elektrik enerjisinin istehsalı ilə məşğul olmur, metropoliten elektrik enerjisini istehlak edir. Yəni onun ən böyük istehlakçılarından biridir. Biz elektrik enerjisinin necə istehsal olunması ilə maraqlanmırıq. Metropoliten o enerjini alır və işlədir. Sadəcə olaraq fövqəladə hallar zamanı elektrik enerjisinin verilməsində hər hansı bir məhdudiyyət yaranması hallarını nəzərə alıb, Bakı Metropoliteni bu vəziyyətdə ehtiyat mənbə kimi dizel generator stansiyalarının qurulmasını başa çatdırıb. Ötən ilin avqust ayından bu dizel generator stansiyaları tam fəaliyyətdədir. Onların yoxlanılması, monitorinqi davamlı şəkildə aparılır”.

Maraqlıdır ki, vətəndaşlar da alternativ enerji mənbələri, xüsusi ilə də günəş batareyaları barədə o qədər də məlumatlı deyil. Paytaxt sakinləri arasında apardığımız rəy sorğusu belə deməyə əsas verir:

- Günəş batareyaları haqqında da eşitmişəm, enerji istehlakı üçün nəzərdə tutulan yel dəyirmanları barədə də eşitmişəm. Hamısı gözəldir, amma istifadə edə bilsək.

- Bəli, görmüşəm. Məlumatım var bu barədə.

- Məlumatım yoxdur, qardaş.

- Günəş batareyaları haqqında heç bir məlumatım yoxdur.

- Onu bilirəm ki, enerji yığır və elektrik enerjisinə qənaət etməkdən ötrüdür. Binaların hündür yerlərində, günəşin tutduğu müəyyən mövqelərdə yerləşdirilir. Məsələn, işıq sönəndə ondan istifadə edirlər.

- Mənim başım çıxmır bundan. Sənə heç nə deyə bilmərəm.

- Enerji əldə etmək üçün istifadə olunur. Azərbaycan dilində bu barədə maarifləndirici videoçarxa rast gəlməmişəm. Xarici dillərdə belə videolar görmüşəm.

- Məlumatım yoxdur.

- Xeyr, Azərbaycanda hələ eşitməmişəm.

- Vallah nə bilim, olsa, yaxşı olar.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, alternativ enerji mənbələrinin inkişafı ilə bağlı Dövlət Proqramına uyğun olaraq ölkəmizdə 2030-cu ilədək bütövlükdə istehlak olunan enerjinin 30%-nin alternativ mənbələrdən əldə olunması nəzərdə tutulub: “Alternativ enerji mənbələrinin inkişaf etdirilməsi daha innovativ və eyni zamanda müasir çağırışlara uyğun mənbələrdən enerjinin əldə olunmasına şərait yaradacaq. Azərbaycanda alternativ enerjinin inkişafı ilə bağlı kifayət qədər potensial var. Nəzərə alsaq ki, hazırda əsas alternativ enerji mənbələri külək və günəş enerjisi hesab olunur, Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün böyük potensial var”.

Vüqar Bayramov hesab edir ki, bu proqram tətbiq olunarsa, həm şirkətlər, həm də vətəndaşlar fərdi şəkildə alternativ enerjidən yararlana bilərlər: Bir sıra ölkələrin təcrübəsi göstərir ki, vətəndaşlar özləri də alternativ enerji mənbələrindən istifadə etmək imkanlarına malikdirlər. Bəzi hallarda vətəndaşlar, bəzi hallarda şirkət və qurum sahibləri alternativ enerji üçün avadanlıqdan istifadə etməklə bundan yararlana bilirlər. Güman olunur ki, yeni proqram təsdiq olunduqdan sonra həm vətəndaşlar, həm də bütövlükdə icmalar alternativ enerjidən daha sıx istifadə etmək imkanları əldə edəcəklər”.

Qeyd edək ki, ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Rusiya və digər böyük dövlətlər artıq alternativ enerji mənbələrindən istifadə etməklə həm gəlir əldə edir, həm də ətraf mühiti çirklənmədən qorumaq istiqamətində böyük layihələr həyata keçirirlər.

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın