10:00 12 Mart 2020 340
Ana səhifə Xəbərlər

Günəş batareyaları ekoloji mühitə necə təsir edir? - ARAŞDIRMA

Dünyanın bir çox ölkəsində alternativ və bərpaolunan enerji mənbələrindən gen-bol istifadə olunduğu və bundan gəlir əldə edildiyi bir vaxtda ölkəmizdə bu sahəyə maraq qənaətbəxş səviyyədə deyil.

APA TV-nin məlumatına görə, Azərbaycanda cəmiyyətin böyük bir hissəsi günəş panelləri, külək turbinləri və bu kimi digər mexanizmlər barədə məlumatsızdır.

Ölkəmizdə azsaylı alternativ enerji şirkətlərindən biri olan, günəş panellərinin satışını və quraşdırılmasını həyata keçirən “Provitaz” şirkətinin mühəndisi Namiq Muradov bildirir ki, günəş panelləri olduqca sərfəlidir və istifadəçilər tez bir zamanda qoyduğu investisiyanın bəhrəsini görürlər.

Onun sözlərinə görə, əməkdaşı olduğu şirkətin bütün elektrik enerjisi ehtiyacı günəş panelləri vasitəsilə ödənilir: “Əsas məsələ günəşin düşmə bucağını düzgün təyin etməkdir. Burada hərəsinin istehsal gücü 385 vatt olan 6 panel var və təkcə bu, kifayətdir ki, biz gün ərzində ofisimizi elektrik enerjisi ilə təmin edək. Panellər vasitəsilə istehsal edilən elektrik enerjisi inventor vasitəsilə sabit cərəyandan dəyişən cərəyana keçirilir. Bu prosedurdan sonra biz istehsal edilən elektrik enerjidən istifadə edə bilirik”.

Namiq Muradov deyir ki, günəş panellərinin və batareyalarının istifadə olunması ekoloji cəhətdən də əlverişlidir və onun quraşdırılması ətraf mühit üçün heç bir təhlükə yaratmır. Əksinə, sözügedən sistem ekoloji mühitin, atmosfer qatının qorunması baxımından digər enerji növlərindən daha əlverişlidir:“Adi elektrik stansiyalarından fərqli olaraq, günəş panellərinin istifadəsi ekoloji cəhətdən daha çox səmərəlidir. Havaya heç bir tullantı atılmır və onlardan istifadə suya da qənaət etməyə imkan verir. Su yalnız onları təmizləmək üçün lazım olur. Bu da əsas üstünlüklərdən biridir. İkinci vacib üstünlük ondan ibarətdir ki, ucuzluğuna görə günəş panelləri adi abonentlər tərəfindən fərdi və mərkəzləşdirilməmiş qaydada istifadə edilə bilər, onları istədiyiniz yerdə quraşdırmaq mümkündür”.

Mütəxəssis deyir ki, gələcəkdə ölkəmizdə bu sahədə yeni qanun layihəsi qəbul olunarsa, günəş panellərinin istifadəçiləri elektrik enerjisinin satışını da həyata keçirə bilərlər: “Ümumilikdə Azərbaycanda qonşu dövlətlərdən və Avropa ölkələrindən fərqli olaraq, elektrik enerjisinin qiyməti olduqca ucuzdur. Adi istehlakçılar üçün günəş panellərindən istifadənin üstünlüklərindən biri də ondan ibarətdir ki, abunəçi ümumi elektrik enerjisi şəbəkəsinə öz töhfəsini verə bilir. Düzdür, hazırda Azərbaycanda istifadəçinin istehsal etdiyi günəş enerjisini şəbəkəyə satmaq imkanı yoxdur. Ona görə də biz bunun başqa üstünlükdən yararlana bilərik. Yəni elektrik enerjisi şəbəkəsinə qoşulması çətin olan ucqar ərazilərdə günəş panellərini quraşdırıb istifadə edə bilərik. Belə ərazilərdə günəş enerjisi bazasında çalışan qurğuların quraşdırılması nəticəsində abunəçilər ümumi şəbəkəyə qoşulmadan müstəqil şəkildə elektrik enerjisi istehsal edə bilərlər”.

Qeyd edək ki, hazırda qanunvericiliklə Azərbaycan Respublikasının ərazisində 150 kVt/saat gücünədək günəş foto-elektrik panellərinin istifadəsi üçün heç bir xüsusi icazə tələb olunmur. Bu sistemin qiyməti orta hesabla 1 vatta görə 1 manatdan hesablanır.

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın