13:15 06 Mart 2021 61
Ana səhifə Xəbərlər

Gəncədə su sayğaclarını oğurlayan şəxs tutuldu

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

APA TV-nin qərb bürosunun xəbərinə görə, araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs şəhərin müxtəlif ərazilərində quraşdırılan, “Gəncə sukanal” Törəmə Səhmdar Cəmiyyətinə məxsus, lakin vətəndaşların istifadəsinə verilməyən mexaniki su sayğaclarını və onların qutularını oğurlayaraq adıçəkilən Cəmiyyətə 4759 manat maddi ziyan vurub.

DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Gəncə sukanal” Törəmə Səhmdar Cəmiyyətinə məxsus 112 ədəd mexaniki su sayğacını və həmin su sayğacına aid 18 ədəd qutunu oğurlayan Arzu İbrahimov saxlanılıb: “Arzu İbrahimov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

İlkin dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən saxlanılan şəxs tüfeyli həyat yaşadığını bildirib: “Qaz açarı ilə açırdım. Dəqiq sayını bilmirdim, 100-110-130 ədəd olardı. Aparıb bir kiloqramını 3 manata verirdim, bir dənəsinin çəkisi isə 1 kq 100 qram idi. Pulu da kirayə, yeməyə, siqaretə, yeməyə xərcləyirdim”.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın