18:25 11 İyul 2020 536
Ana səhifə Xəbərlər

Gəncədə güclü yağış: xəstəxananın hasarı uçdu, qaz xətti zədələndi

Gəncədə bu gün səhər saatlarından yağmağa başlayan güclü yağış təsərrüfata ziyan vurub.

APA TV-nin yerli bürosunun məlumatına görə, şəhərin Məhsəti, Gülüstan və bir çox ərazilərində yağış suları evlərin zirzəmisinə dolub və həyətləri su basıb. Həyətlərdə olan ev quşlarının bir neçəsi suyun altında qalaraq tələf olub.

Yağışdan ən çox ziyan çəkən şəhərin Məhsəti qəsəbəsinin Natiq Əliyev küçəsinin sakinləri olub. Sakinlər deyir ki, hər dəfə yağış yağanda qəsəbədə sanki həyat dayanır.

Dərhal həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Zirzəmilərə dolan su maşınlarla çəkilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, təbiət hadisəsi nəticəsində şəhərin bir neçə ərazisində yağış suları evlərə dolub. Problemlərin tezliklə aradan qaldırılması üçün icra hakimiyyətinin və aidiyyəti qurumların nümayəndələri əraziyə cəlb olunub.

Qeyd edək ki, bu gün güclü yağış səbəbindən Gəncə şəhərindəki Mərkəzi Klinik Xəstəxananın hasarı uçub. Nəticədə xəstəxanaya məxsus diametri 76 mm olan yerüstü qaz xəttinin bir hissəsi yararsız vəziyyətə düşüb, şəhərin bir hissəsinə qazın verişində fasilə yaranıb. “Azəriqaz” İstehsalat Birliyindən bildiriblər ki, gün ərzində qazın verilişi bərpa olunacaq.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın