16:00 20 Yanvar 2020 220
Ana səhifə Xəbərlər

Gəncədə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ümümşəhər tədbiri keçirilib

Gəncədə ölkənin müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

APA TV-nin yerli bürosunun məlumatına görə anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, şəhid ailələrinin yaxınları iştirak ediblər.

Əvvəlcə Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə " inşa edilmiş, üzərində 90 nəfərin adları yazılmış abidə ziyarət olunub, önünə güllər qoyulub.

Sonra Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Saat 12:00 - da avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə səs siqnalları verilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları şəhid məzarlarını ziyarət ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

Qeyd edək ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxt ki, rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın