22:40 11 May 2018 1730
Ana səhifə Xəbərlər

Gecə yuxuda gəzənlər - LUNATİKLƏR KİMDİR?

“Tanış olduğum insanda da bu xəstəlik var idi. O gecə yatanda durub normal həyat tərzi sürürdü. Gedib mətbəxdən yemək yeyir, soyuducunu açır, özünə yemək götürür, çay süzür, hətta bəzən suallara cavab da verirdi. Yəni elə bir xəstəlikdir ki siz həmin şəxsdə bu xəstəliyin olduğunu bilməsəniz, inanmazsınız ki, bu adam yuxuda gəzir”.

Bu fikirləri APA TV-yə Bakı Ali Neft Məktəbinin tələbəsi Vüqar Həsənov deyib. Bəli, bəzi insanlar doğrudan da gecələr yuxuda gəzirlər. Onları lunatik adlandırırlar. Bəs lunatikləri xəstə hesab etmək olarmı?

Nevropatoloq Vüsal Əzimov deyir ki, lunatizm əslində xəstəlik deyil: "Lunatizm əslində xəstəlik sayılmır, normal hal kimi dəyərləndirilir. Amma əgər lunatizm davamlı xarakter alırsa, yəni tez-tez təkrarlanırsa , artıq bunun xəstəlik olub-olmadığı haqqında düşünmək olur".

Bir çox həkimlərin fikrincə, bu hal sadəcə psixoloji sindromdur və lunatizmin xəstəlik adlandırılması doğru deyil. Psixoloq Elnur Rüstəmov deyir ki, lunatizmin müalicəsi mümkündür.

Psixoloq Elnur Rüstəmov isə lunatizmin xəstəlik olduğunu düşünür: “Lunatizm özü xəstəlikdir və onun rəsmi elmi adı somnambuluzimdir. Yəni, yuxuda gəzən adamlar. Dünənə qədər bunu xəstəlik kimi qəbul etmirdilər. Hətta bu cür hallarda onun müalicəsi üçün falçılara, ekstrasenslərə müraciət edirdilər. Artıq elm sübut edib ki, bu, xəstəlikdir və onun konkret müalicəsi var. Lunatizmin müalicəsini nevropatoloq və psixoloq paralel aparmalıdır. Nevropatoloq dərman təyin etməli, psixoloq isə psixoloji iş aparmalıdır.

Qeyd edək ki, gecə yuxuda gəzmə hallarına daha çox azyaşlı uşaqlarda rast gəlinir. Araşdırmalara görə uşaqların 30 faizi gecə yuxuda gəzirlər. Yetkinlik yaşına çatmış insanlarda isə lunatiklik nevroz əlaməti sayılır.

Lunatik insanlar öz hərəkətlərini şüursuz olaraq icra edir və onlarda beyinə siqnal şüursuz olaraq ötürülür. Buna görə də həmin şəxslər yuxudan oyanan zaman heç nə xatırlamırlar. Lunatiklik halı xəstənin ətrafındakı insanlar tərəfindən müəyyən edilir. Bəs bu xəstəlik barədə insanlar nə qədər məlumatlıdır?

- Yuxuda gəzənlər? Yox, o təsadüfi olan şeylərdir. Biz kinoda görürük ki belə hadisələr olur. Həyatda mən rast gəlməmişəm.

- Bu bir xəstəlikdir. Onun necə müalicə olunduğun bilmirəm, amma belə insanlar var ki, yuxuda gəzirlər və o zaman onlara dəymək olmaz. Onlar özləri oyanmalı və bu vəziyyətdən çıxmalıdır.

Gecə yuxuda gəzmə halları bəzən bədbəxt hadisələrlə nəticələnir. Lunatiklərdə özünü eyvandan atma, ətrafdakı insanlara zərər vermə hallarına da rast gəlinib. Məsələn, Birləşmiş Ştatlarda gecə yuxuda ikən durub qayınatasını öldürən şəxsə və ya öz atasını öldürən qıza qarşı heç bir cinayət işi açılmayıb.

Və sonda bəzi tövsiyələrimiz var. Əgər nə vaxtsa gecə yuxuda gəzən insanlarla rastlaşsanız, onlara yaxınlaşmayın. Bu zaman lunatikdə infarkt və ya ürəkgetmə halları baş verə bilər. Ümumiyyətlə isə lunatiklərin çarpayısının yanına, döşəməyə nəm əsgi qoyulması məsləhət görülür. Yuxuda ikən gəzməyə başlayan şəxsin ayağı nəm əsgiyə dəyəndə o avtomatik olaraq yuxudan ayılır. Lakin bu, problemin köklü həll olunacağı demək deyil. İstənilən halda gecə yuxuda gəzənlərin müayinəsi üçün həkimə - nevropatoloq və psixoloqa müraciət etmək lazımdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın