18:17 20 Noyabr 2020 187
Ana səhifə Xəbərlər

Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirildi

Bu gün bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri Fransanın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib.

APA TV-nin məlumatına görə, ingilis və fransız dillərində hazırlanmış çüarlar qaldıran iştirakçılar "Qarabağ Azərbaycandır", "Fransa, ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə" kimi şüarlar səsləndiriliblər.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının idarə heyətinin üzvü Nərgiz Xələf vətəndaş cəmiyyəti adından Fransa səfirliyinə müraciət üçün gəldiklərini bildirib. O, Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı məsələnin bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğunu qeyd edib: “Bu, ümumiyyətlə, müzakirə edilməsi belə mümkün olmayan bir məsələdir. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, bütün beynəlxalq təşkilatlar tanıyır. BMT-nin qətnamələri var ki, Azərbaycan özü öz gücünə bu qətnamələrin qəbul edilməsinə nail oldu. Bu məsələnin Senat tərəfindən, ümumiyyətlə, baxılması məsələsinə Azərbaycan vətəndaş cəmiyyəti etiraz edir. Bu gün biz 13 təşkilatın müraciəti əsasında müraciət hazırlamışıq, Fransa səfirliyinə təqdim edəcəyik”.

Nərgiz Xələf müraciətdən sonra Fransa Senatının bu müzakirədən imtina edəcəyinə ümidli olduğunu vurğulayıb.

Qeyd edək ki, aksiya Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, Milli QHT Forumu, İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və digər qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən təşkil edilib.

Xələf Xələfov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın